Azərbaycan yaşayış minimumu və ehtiyac meyarını artırır

Azərbaycan yaşayış minimumu və ehtiyac meyarını artırır Azərbaycan Milli Məclisinin Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında», «Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında» və «Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihələri müzakirə olunub.

APA-nın məlumatına görə, Komitə sədri Hadı Rəcəblinin sədrliyi ilə keçirilən iclasda iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Hüseynova bildirib ki, 2014-cü ildə yaşayış minimumunun 125 manata, ehtiyac meyarının 100 manata çatdırılması təklif olunur.

S.Hüseynova bildirib ki, Azərbaycanda ifrat yoxsulluğuq 10 dəfə üstələnib. O qeyd edib ki, Azərbaycanda mütləq yoxsulluq anlayışı tətbiq olunur: «Avropa ölkələri, ABŞ və Kanadada nisbi yoxsulluq anlayışı tətbiq olunur, bu da ölkədə olan gəlirin median hissəsini təşkil edir. Azərbaycanda bu metodla yoxsulluq hesablananda yoxsulluq səviyyəsi 5,3% təşkil edir. Azərbaycanda mütləq yoxsulluq səviyyəsi, yəni, əhalinin minimal xərclərinin toplusu hesablanır».

O bildirib ki, gələcəkdə Azərbaycan da yoxsulluğun ölçülməsi metodikasını təkmilləşdirəcək və çoxölçülü yoxsulluq hesablanmağa başlanacaq.

Sosial siyasət Komitəsinin sədr müavini Musa Quliyev iclasda qeyd edib ki, hazırda Azərbaycanda tətbiq olunan 125 manat yaşayış minimumu reallığı əks etdirmir.

Buna cavab olaraq S.Hüseynova ümidvar olduğunu bildirib ki, çox vaxt keçməyəcək ki, Azərbaycanda yaşayış minimumu ailə başına 1000 ABŞ dollarına qədər artacaq.

Komitə sədri H.Rəcəbli isə bununla bağlı vurğulayıb ki, ölkədə 2007-ci ilə nisbətən yaşayış minimumu 2 dəfə artıb: «2007-ci ildə yaşayış minimumu 64 manat olub. Nəzərə alsaq ki, bu müddətdə bazarda qiymətlər belə artmayıb, o zaman yaşayış minimumunun belə artımı iqtisadiyyata uyğundur».

Müzakirələrin sonunda hər üç layihə Komitə tərəfindən plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, noyabrın 4-dən etibarən isə gələn ilin büdcə zərfinə daxil olan «Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında», «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında», «Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında» və «Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihələri İqtisadi siyasət Komitəsi başda olmaqla digər komitələrlə birgə müzakirəyə çıxarılacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri