Azərbaycanda çay üzərində asma bağları olmadan aşırımı rekord uzunluqda dəmir-beton konstruksiyalı körpü tikilir

Şirvan ərazisində tikilən dəmir-beton körpünün bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.

APA-ya Avro-Asiya İnşaat Korporasiyasından verilən məlumata görə, Şirvan şəhərinin ərazisində Kür çayı ilə Qazıməmməd-Horadiz yolunun 8-ci kilometrliyinin kəsişməsində yeni körpünü “Evraskon” ASC həyata keçirir.

Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən tikintinin layihə üzrə məsləhətçisi qismində İtaliya şirkəti çıxış edir. Tikintinin sifarişçisi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyidir.

Layihəni Avro-Asiya İnşaat Korporasiyası hazırlayıb. Uzunluğu 304 metr, eni 15 metr, hündürlüyü 17 metr olan körpü 4 dayaqdan və 3 aşırımdan ibarətdir. MDB məkanında ilk belə layihədir ki, asma dəmir bağları olmadan orta aşırımı 140 metr rekord uzunluqda olan dəmir-beton konstruksiyalardan inşa edilir.

Qeyd edək ki, 1963-cü ildə Kür çayı üzərində inşa edilmiş mövcud Şirvan-Sabirabad körpüsü nəqliyyat vasitələrinin, o cümlədən ağır tonnajlı yük avtomobillərinin intensiv hərəkətini tənzimləyə bilmədiyindən tez-tez sıradan çıxırdı. Bunları nəzərə alan hökumət yeni, daha müasir və davamlı körpünün tikilməsinə qərar verib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri