İsmayıllıda XIX əsrə aid olan məscid və 400 ildən çox yaşı olan çinar ağacı yanıb

İsmayıllı rayonunda məscid yanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Sulut kəndində qeydə alınıb. Ötən gecə saat 3:00 radələrində kənddəki qədim məsciddə baş verən yanğının söndürülməsi üçün əraziyə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb edilib. 1820-ci ildə inşa edilən və təmirə ehtiyacı olduğu üçün 40 ildən çoxdur ki, istifadəsiz qalan məscid tamamilə yanıb. Məsciddən taxıl anbarı kimi istifadə edilib. Məscidlə yanaşı onun həyətindəki bir neçə ağac, eləcə də 400 ildən çox yaşı olan çinar yanıb. Yanğın gecə saatlarında söndürülsə də, güclü külək səbəbindən bu gün səhər saatlarında məsciddə yanğın yenidən başlayıb və hazırda alovun qarşısının alınması üçün ərazidə iş aparılır.

Qeyd edək ki, tarixi abidə hesab edilən bu məscidin bərpası üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilmişdi.
Şərhlər
Hadisə bölməsinin xəbərləri