Bakı şəhəri Sabunçu rayonunun adının dəyişdirilməsi təklif olunur
- 01.11.2013, 17:59,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhərinin Sabunçu rayonunun adının dəyişdirilməsi təklif olunur.
Bu barədə APA-nın Sabunçu rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev məlumat verib: «Bu rayonun hazırkı adı orada olan qəsəbə və kəndlərin adına yaraşmır».
Onun fikrincə, hər bir ərazinin mahiyyətinə varmazdan öncə, adına diqqətlə yanaşmaq lazımdır: «Ad çox böyük önəm daşıyır. Ola bilər ki, qısa müddət ərzində həmin ərazidə kiçik bir iş görülüb və buna görə ad yaranıb. Lakin onu əbədiləşdirilməsinə ehtiyac yoxdur. Məsələn, bu gün Sabunçu deyilən qəsəbə mövcuddur. Lakin sabun istehsalı ümumən Azərbaycanın tarixində sənaye istehsalının heç 0,1%-ni təşkil etmir. Sadəcə olaraq həmin ərazidə sabun bişirənlər olub. Ona görə də bütün rayonun adını bununla bağlamaq düzgün deyil».
Bununla əlaqədar C.Qocayev Pirşağı, Balaxanı, Maştağa, Kürdəxanı, Nardaran, Ramana kimi tarixi yerləri öz daxilində birləşdirən rayonun adının Sabunçu qalmasını məqsədə uyğun hesab etmir: «Bu baxımdan rayonun adının dəyişdirilməsini məqsədə uyğun hesab edirik».
«Vaxtı ilə Sabunçu rayonu Bakı şəhərində adına görə birinci olub və Lenin rayonu adlanıb. Hesab edirəm ki, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan şəxsin, məsələn, Nəriman Nərimanov kimi xadimin adının əbədiləşdirilməsinə xidmət edildiyi kimi, mərhum prezident Heydər Əliyevin də adının belə bir rayona verilməsi, həm də məhz Bakıdakı əraziyə verilməsi daha gözəl olar. Mən bu təkliflə may ayında mərhum dövlət başçısının 90 illiyinə həsr olunmuş elmi-praktiki konfransda çıxışım zamanı çıxış etmişəm», - deyə C.Qocayev qeyd edib.
O, həmçinin Heydər Əliyev Sarayının qarşısındakı parkın, eyni zamanda gələcəkdə Hüseyn Cavid bağına qədər uzadılacaq Qış Bulvarı bağının indidən Heydər Əliyev xiyabanı adlandırılmasını vacib sayır: «Çünki bu parkın əsas ideoloqu məhz Heydər Əliyev olub».