Təhsil Nazirliyi dərsliklərlə bağlı məlumat yaydı
- 02.11.2013, 11:23,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil Nazirliyi ölkənin ali məktəblərində mövcud olan dərslik çatışmazlığı problemi barədə məlumat açıqlayıb. Nazirlikdən ANS-ə daxil olan məlumata görə, ali təhsilin müvafiq səviyyəsində ixtisas üzrə təhsil proqramlarına uyğun olaraq ixtisasın tədris planı hazırlanır.
Tədris planında göstərilən fənlər üzrə müvafiq sahələrə uyğun mütəxəssis alimlər tərəfindən ali təhsil müəssisələri tələbələri üçün dərsliklər hazırlanır, həmin dərsliklər aidiyyəti kafedralarda, fakültə elmi şuralarında müzakirə olunur, kənar rəylər alındıqdan sonra tədris müəssisəsinin rəhbərinin imzası ilə qrif (nəşr hüququ) alınması məqsədi ilə Təhsil Nazirliyinə təqdim olunur. Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının müvafiq bölməsinin müsbət qərarına əsasən dərsliyə qrif verilir.
Ali təhsil müəssisələri tələbələri üçün dərsliklərin nəşri isə müəlliflərin vəsaiti və ya ali təhsil müəssisəsi hesabına aparılır. Təhsil Nazirliyi tərəfindən bu işə vəsait ayrılmır. Eyni zamanda bildirilib ki, bu dərsliklərin yayılması ümumi qaydalarla həyata keçirilir və funksiyasına daxil olmadığına görə nazirlik bu işə nəzarət etmir. Təhsil Nazirliyi nə dövlət, nə də özəl ali təhsil müəssisələrində təhsil alan tələbələrin dərsliklərlə təmin olunmasına müdaxilə etmir.
Tələbələrin dərsliklərlə təmin olunması məsələsi ali təhsil müəssisəsinin rəhbərliyinin vəzifəsidir. Bununla yanaşı, ali təhsil müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyası zamanı Təhsil Nazirliyi tərəfindən digər meyarlarla yanaşı, “tələbələrin sayına görə dərsliklərlə təmin olunma” da meyar kimi nəzərə alınır.