Heydər Əliyev Fondu Almaniyanın bir sıra şəhərlərində Azərbaycan mədəniyyətini tanıdan tədbirlər keçirəcək
- 02.11.2013, 12:34,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirir. Növbəti tədbirlərin Almaniyanın bir sıra şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, Fondun və Azərbaycanın Ştutqartdakı konsulluğunun dəstəyi ilə ilk tədbir Avropanın mədəni ənənələrə malik qədim şəhərlərindən sayılan Ştutqartda keçiriləcək. Almaniyada möhtəşəm mədəni tədbirlərin məkanı kimi tanınan Ştutqartın "Teatrhaus" məkanı noyabrın 14-də Azərbaycan gecəsinə ev sahibliyi edəcək.
Məlumata görə, gecədə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Korifey bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin əsərləri virtuoz ifaçılarımız Fərhad Bədəlbəyli, Murad Hüseynovla yanaşı, alman musiqiçilərinin də ifasında səslənəcək.
Tədbirdə rəsm və foto sərgiləri də təqdim olunacaq. Yaradıcılıq işləri eyni zamanda foto-proeksiya ilə də əks olunacaq.
İstedadlı gənclərin 19 rəngkarlıq işini cəm edən stendlərdən biri "Almaniya bir rəssamın gözü ilə" adlanır. Ölkəmizdə Almaniya mövzusunda ənənəvi keçirilən sərgi-müsabiqələrdə qalib gələn əsərlər bu stendlərdən birində sərgilənəcək.
Qeyd edək ki, Sərgi-müsabiqələrin konsepti Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyillə çəkdiyi əsərlərin təqdimatıdır. 2008-ci ildən keçirilən müsabiqədə hər il üç gənc qalib Almaniyaya səyahət edir, Berlinin qalereya və muzeyləri ilə tanış olur və məhşur alman rəssamların ustad dərslərində iştirak edirlər.
Tədbirdə nümayiş olunan digər stenddə isə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolar sərgilənəcək.
Foto şəkillər vaxtilə Avropada ən böyük və müasir mis əridən zavodunu Gədəbəydə inşa edən Simmens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyətindən və yaşam tərzindən bəhs edir.