Ötən gün Ruslan adlı şəxslə ailə həyatı quran tanınmış vizajist Nigar İbrahimovanın toyu bitməmiş artıq sosial şəbəkələrdə həyat yoldaşı haqda bəzi xoşagəlməz xəbərlər yayılmağa başlayıb. ANS-in məlumatına görə,bəyin bundan öncə ailəli və iki uşaq sahibi olduğu dəqiqləşib.
Onun keçmiş həyat yoldaşı Samirə açıqlamasında ailəsini məhz Nigar İbrahimovanın dağıtdığını deyib və uşaqları ilə heç maraqlanmadığını da qeyd edib. Eləcə də bildirib ki, vizajist hətta evli olduqları müddətdə belə Ruslanla görüşürmüş.
Məsələyə aydınlıq gətirmək üçün əks tərəf olaraq İradə İbrahimovanın mətbuat katibi Zəminə Rüstəmova ilə əlaqə saxlayaraq Nigar xanımın açıqlamasını öyrəndik və olduğu kimi sizə təqdim edirik:
"Ruslan o xanımla beş ildir ki, boşanıb. Mən Ruslanı il yarımdır tanıyıram. Evlilik təklifi alanda isə onun həyatını incələməyə, nikaha girəcəyim insanın kimliyini öyrənməyə çalışdım. Ailəsini, nəslini tanımağa səy göstərdim. Öyrəndim ki, həqiqətən də evli olub.
Ruslanın iki övladı var. Amma onlardan yalnız birinin üzünü görüb. İkinci övladı dünyaya gələndə onlar artıq birgə deyilmiş. Ayrılmağa səbəb isə Ruslanın keçmiş həyat yoldaşı olub. O, özü evi tərk edib. Hətta Ruslanın ailəsi də məsələyə qarışıb, qadını yola gətirməyə çalışıblar, amma onu fikrindən döndərə bilməyiblər.
Ayrılığa səbəb kiçik ailə münaqişəsi olub. Ruslanı ətraflı tanıdıqdan sonra inandım ki, o mənimlə pula, var-dövlətə görə ailə qurmur. Onun özünün hər şeyi var: evi, maşını, yaxşı işi. O, sadəcə yaxşı ailəyə sahib olmaq istəyirdi.
Həmin xanım ailə qədri bilən idisə, niyə beş il gözlədi? Niyə susdu? İndi niyə çıxıb danışır? Ruslanın qədrini onu itirəndən sonra bildi? Evində qız övladı böyüyür, heç kimin arxasınca bu cür böhtanlar danışmasın.
İtirdiyi bir şeylə bağlı xoş olmayan xəbərlər yaymaq onu narahat etmir? Ruslan boşanmış insandır, indi də layiq olduğu qadını tapıb. Boşanmış biri ilə ailə qurmaq cəmiyyətdə qəbul olunmuş haldır. Həmin xanıma da xoşbəxtlik arzulayıram. Hərənin özünə görə adı, imkanı var. Mən görüntü üçün ailə həyatı qurmamışam. Əgər evlənən idimsə, elə 20-25 yaşımda bunu edərdim. Biz ciddi bir ailə qurmuşuq və çox xoşbəxtik".