Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun xalq artisti, Akademik Milli Dram Teatrının cazibədar aktrisası Məleykə Əsədovaya ev verməsi ilə bağlı açıqlamasından sonra Məleykə xanımla əlaqə saxladıq. Telefonlara cavab verməyən aktrisanı yalnız teatrda-tamaşadan sonra görüb suallarımıza cavab ala bildik.
“Bu cavabımla bu söhbətə nöqtə qoyuram, daha mənə bu məsələ ilə bağlı heç bir jurnalist müraciət etməsin”-deyən xalq artisti söhbət əsnasında digər məqamlara da aydınlıq gətirib.
- Məleykə xanım, həqiqətənmi Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov sizə ev verib. Bu məqsədlə siz mərhum sənətkar Həsənağa Turabovla onun yanına gedib xahiş etmisinizmi?- Mən bir neçə ay bundan əvvəl “Uşaqlıqdan reportaj” layihəsinə müsahibə aldığın vaxt sizə demişdim ki, ilk evimi 1989-cu ildə Baksovetdə almışam. O mənzil 25 kvadratmetrdən ibarət idi. Min bir əziyyətə qatlaşıb tələbəliyimi başa vurdum, rayonumuza qayıdıb toylara getdim, zülmlə qazandığım pula gəlib Bakıda birotaqlı həmin evi aldım.
Bir dəhlizin içində iki otaq vardı, buna “utoplyonnu” ev deyirdilər. Həmin vaxt mənim otağıma bitişik 11 kvadratmetr evdə başqa millətdən olan qadın yaşayırdı. O qadın köçüb gedəndən sonra o ev boş qaldı. Ev də Xəzər Dəniz Gəmiçiliyinin balansında idi. Həmin vaxt mən “İtkin gəlin” serialına çəkilirdim, gənc aktrisa idim. Serialın rejissoru rəhmətlik Lütfi Məmmədbəyov məni də götürüb Aydın müəllimin yanına apardı.
Onu da deyim ki, Lütfi müəllim mənə çox böyük dəstək olub, nəinki mənə, bütün sənət adamlarına öz qayğısını əsirgəməyib. O bilirdi, mən necə bir şəraitsiz evdə yaşayıram. Lütfi müəllim mənim yaradıcı insan olduğumu ona bildirdi, Aydın müəllimdən həmin birotaqlı mənzilin mənim evimə birləşdirilməsinə kömək etməsini xahiş etdi. Mən bir vətəndaş olaraq ərizə ilə Xəzər Dəniz Gəmiçiliyi idarəsinə müraciət etdim.
Sağ olsun Aydın müəllimi, onun sözünü eşitdi və birotaqlı mənzilin mənim evimə birləşdirilməsinə kömək etdi. Mən onsuz da o ərazidə yaşayırdım və bina hansı qurumun balansında idisə, ona da müraciət etməli idim. Aydın Bəşirov yalnız mənə deyil, dediyi kimi bir çoxlarına kömək edib. Biz onsuz da sənət adamı olaraq hər zaman hörmət, qayğı görmüşük.
- Aydın Bəşirov həmin evdən balkon çıxarılmasına da özü icazə verdiyini deyir?- Bəli, Lütfi müəllim həmin vaxt gedib Aydın Bəşirovdan xahiş etdi və sağ olsun, onun sayəsində evdən balkon çıxardıq. Amma jurnalistlər hər şeydə sensasiya axtarır. Bir ara söz çıxardılar ki, guya tamaşalarımın bir neçəsi sponsor tərəfindən maliyyələşdirilib. Mən həmişə demişəm, indi də də deyirəm ki, mənim heç vaxt sponsorum olmayıb. Mən Akademik Milli Dram Teatrının aktrisasıyam, tamaşalarım da dövlət tərəfindən maliyyələşdirilib. Mən nəyə nail olmuşamsa, öz zəhmətim hesabına nail olmuşam, heç nə hazır qarşıma qoyulmayıb. Gənc qız idim, Bakıya gələndə özümə zəhmətimlə pul yığıb ev aldım.
- Baksovetdəki o evdə indi yaşayırsınız?
- Yox, o evi satıb indi yaşadığım evi aldım və təmir etdirdim.Mən sadəcə şarmlı xanımam və daxilən zənginliyim xarici görkəmimə vurur. Əslində, mənim heç bağım da yoxdur.
- Hollivud ulduzlarına baxırsan, cah-cəlal içində yaşayırlar, istərdik ki, sizin də həyatınız onlarınkı kimi keçsin…- Əlbəttə hər kəs bunu istəyər. Mən həyatda nəyə nail olmuşamsa öz ağlım və zəhmətimlə nail olmuşam. O qədər problemlərim var ki, bunu həmişə tamaşaçılarımdan gizlətmişəm. İstəyirəm, onlar məni səhnədə gözəl Məleykə kimi tanısınlar. Bu gün də o problemləri təkbaşına həll edirəm, min dənə problemim var. Amma bəzi jurnalistlər məni hər zaman incidir. İstəyirəm ki, onlar mənim sənətimdən, oynadığım klassik obrazlardan yazsınlar, ucuz reklama getməsinlər. Bu söhbətə də burda nöqtə qoyuram. Bir də bu məsələyə görə, məni narahat etməsinlər.
Bu qədər teatrda tamaşalar oynayıram. Uğurlarım olur, onlardan yazmırlar, amma bir açıqlamanı bu qədər şişirdib sensasiyaya çevirirlər. Ümumiyyətlə, mənə yaxşılıq edən bütün insanları unutmuram. Hətta mənə ürəyində yaxşılıq arzulayan insanlara görə də mən Allaha dualar edirəm. Mənə mane olan insanları isə Allahıma tapşırıram. Mənim üçün ən böyük məhkəmə Allahdır.
publika