Gürcüstanın yeni baş nazirinin adı açıqlanıb
- 02.11.2013, 21:19,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Gürcüstanın baş naziri Bidzina İvanişvili parlamentin çoxluğu ilə məsləhətləşmələrdən sonra yeni baş nazir vəzifəsinə 31 yaşlı daxili işlər naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürdüyünü bəyan edib.
APA-nın məlumatına görə, B.İvanişvili İ.Qaribaşvilinin bir il ərzində polisin fəaliyyəti sahəsində nümunəvi işlər gördüyünü və keçmiş hakimiyyət tərəfindən onun ailəsinə müxtəlif təzyiqlər olunduğunu bildirib. “O, bütün bu dəhşətləri görərək mənimlə bir sırada dayandı və ləyaqətli nazir oldu. Düşünürəm ki, İrakli Qaribaşvili öz vəzifəsinin öhdəsindən ləyaqətlə gələn baş nazir olacaq”.
B.İvanişvili qeyd edib ki, İ.Qaribaşvili ölkədə Avropa tipli polis yaradıb və bu, gündəlik həyata keçirilən müsbət işlərin nəticəsidir: “Bu işlərin yekununda isə biz ləyaqətli baş nazir və prezident qazandıq. Xalqıma verdiyim vədlər yerinə yetirilib. Mən ləyaqətli varis qoyub gedirəm və gələcək inkişafa inanıram”.
Jurnalistlər qarşısında çıxış edən İ.Qaribaşvili B.İvanişvilinin yolunu davam etdirəcəyini və xalqın hökumət qarşısında qoyduğu məqsədlərə çatmaq naminə Gürcüstanın inkişafı üçün hər şey edəcəyini bildirib: “Mən xalqa vəd edirəm ki, Bidzina İvanişvili tərəfindən elan olunan məqsəd və prinsiplərə etibarlı olacağam və ölkənin inkişafına çalışacağam”.
Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili İrakli Qaribaşvilinin cəmiyyətin görkəmli və ləyaqətli üzvü olduğunu bildirib: “Bizi şox yaxşı münasibətlər birləşdirir. Mən çox şadam ki, mənim İrakli ilə həmkarcasına münasibətlərim olacaq”.
Gürcüstan parlamentinin sədri David Usupaşvili İ.Qaribaşvili haqqında düşüncələrini bildirib: “Mən fəxr edirəm ki, “Gürcü Arzusu” koalisiyası verdiyi vədləri yerinə yetirib. İlk gündən İrakli Qaribaşvili komandamızın güvəndiyi adamlardan olub”.
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya isə Gürcüstan hakimiyyətinin başında layiqli və təmiz ürəkli bir insanın dayanacağını bildirib: “Mən çox şadam ki, komandamızdan baş nazir vəzifəsinə layiqli, şərəfli və enerjili insan seçilib. Biz hamımız onunla yanaşı duracağıq”.