Azərbaycanda cinsi əlaqə zamanı xəstəliyə tutulanlarla bağlı cəzaların sərtləşdirilməsi təklif olunur

Azərbaycanda cinsi əlaqə zamanı xəstəliyə yoluxmuş insanlardan tələb olunan qaydaların pozulmasına görə cəzaların sərtləşdirilməsi gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 38-4 və 38-5 maddələrinə dəyişikliklər təklif olunur.

Dəyişikliyə əsasən, zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına görə 300 manatdan 600 manata qədər cərimələrin təyin edilməsi nəzərdə tutulur. Mövcud maddəyə görə isə bu cərimələr 80 manatdan 120 manata qədərdir.

Digər dəyişikliyə görə, zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə 400 manatdan 800 manata qədər cərimə tətbiq olunacaq. Hazırkı maddəyə görə isə bu cərimələr 100 manatdan 200 manata qədərdir.

Layihənin yaxın zamanlarda parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulur.
Şərhlər
Sosial bölməsinin xəbərləri