Göyçayda növbəti dəfə nar bayramı keçirilib.
Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin 10-dan artıq deputatının, 21 xarici ölkənin Azərbaycandakı səfirinin, diaspor nümayəndələrinin, beynəlxalq təşkilatların əməkdaşlarının qatıldığı möhtəşəm nar festivalında narla bağlı müxtəlif yarış və müsabiqələrin təşkili xüsusilə yadda qalan olub.
Tədbir iştirakçıları rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar. Meydanda təşkil olunan kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib, idmançıların, kəndirbazların, pəhləvan və sehrbazların, folklor rəqs və musiqi qruplarının, meyxanaçıların, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayramı daha da yadda qalan edib.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, prezident İlham Əliyevin xeyir-duası ilə artıq səkkizinci dəfədir təşkil edilən bu məhsul bayramı böyük əhəmiyyət kəsb edir. Çünki bu festival Göyçayda narçılığın inkişafına təkan verib. Mütəxəssislərin qənaətinə görə, bu il bağlara göstərilən yüksək aqrotexniki qulluq və havaların əlverişli keçməsi bol məhsul yetişdirilməsinə zəmin yaradıb. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 45 min tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 40 342 ton nar tədarük ediblər. Son iki ildə rayonda 450 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilib.
Bayram tədbirində Milli Məclisin deputatı Elton Məmmədov, Çinin Azərbaycandakı səfiri Xun Tsyuin çıxış edərək nar bayramının yüksək əhəmiyyətə malik olduğunu qeyd edib.
Sonra yeni ailə quran gənclərə, ”qızıl toy”u olan cütlüyə, eləcə də 2006-cı ildə ilk dəfə nar bayramının keçirildiyi gündə dünyaya gələn və bu gün 8 yaşını qeyd edən iki uşağa xatirə hədiyyələri təqdim olunub, ən xoş arzularını bildiriblər. Qonaqlar tədbir boyu isti təndir çörəyinə, nardan hazırlanan məhsullara, motal pendiri, yuxa, kətə və döşəməli plova qonaq ediliblər. Festivalda müxtəlif müsabiqələr də keçirilib. Ən böyük və kiçik narın sahibinə, giləsini yerə salmadan ən tez nar yeyən adama, ən sürətli nar şirəsi hazırlayana pul mükafatları verilib.
Sonda Azərbaycan və Türkiyənin incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib və atəşfəşanlıq olub.