Ukrayna Avropa Birliyi ilə assosiasiya müqaviləsinin imzalanmasını təxirə salmaq niyyətində deyil

Ukrayna prezidenti Viktor Yanukoviçin administrasiyası noyabrın sonunda Vilnüsdə gözlənilən “Şərq Tərəfdaşlığı” sammitində Avropa Birliyi ilə bağlanacaq assosiasiya müqaviləsinin imzalanma tarixini təxirə salmaq ehtimalını nəzərdən keçirmir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Viktor Yanukoviçin müşaviri Marina Stavniyçuk açıqlamasında bildirib.

Qeyd edək ki, Polşa XİN rəhbəri Radoslav Sikorski bir neçə gün əvvəl açıqlamasında bəyan edib ki, Ukrayna AB-nın bütün şərtlərini vaxtında yerinə yetirməsə razılaşmanın imzalanması bir ilədək təxirə salına bilər. O həmçinin qeyd edib ki, keçmiş baş nazir Yuliya Timoşenkonun azad olunması AB-nın əsas şərtlərindən biri olaraq qalmaqdadır.

Marina Stavniyçukun sözlərinə görə, Ukrayna sammitədək bütün öhdəlikləri həyata keçirmək niyyətindədir.
Şərhlər
Dünya bölməsinin xəbərləri