Ağdaşda 3 uşaq anası intihar məqsədilə özünü maşının altına atıb

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə noyabrın 3-də saat 20:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 240-cı kilometrliyində, Ağdaş şəhəri ərazisində qeydə alınıb.

Mingəçevir sakini, 1942-ci il təvəllüdlü Cəfərov Vəzir Aslan oğlu idarə etdiyi 45 BG 691 dövlət nömrə nişanlı, “Opel Vectra” markalı minik maşını ilə qəflətən qarşısına çıxan piyada - Ağdaş rayonu Gürcuva kənd sakini, 1978-ci il təvəllüdlü Tağıyeva Sevinc Qarakişi qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Sevinc Tağıyeva Ağdaş Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Hadisə yerində olan Gürcuva kəndinin sakinlərinin sözlərinə görə üç uşaq anası olan Sevinc Tağıyeva həyat yoldaşından boşanıb. Kimsəsiz olan və ailəsini dolandıra bilməyən qadının intihar etmək məqsədilə özünü magistral yoldan keçən avtomobillərin qarşısına atdığı və hadisənin də bu səbəbdən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri