Azərbaycanın Rusiyadakı səfirliyi Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanlının vəhşicəsinə döyülməsi ilə bağlı məlumat yayıb

Azərbaycanın Rusiyadakı səfirliyi noyabrın 1-də Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanılının vəhşicəsinə döyülməsi ilə bağlı məlumat yayıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, məlumatda 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun noyabrın 1-də 12 nömrəli sərnişin avtobusunda qəddarcasına döyüldüyü bildirilib.

Avtobusun sərnişinlərindən biri yeniyetmənin ünvanına onun qeyri-slavyan görkəmli olması ilə bağlı təhqiredici ifadələr səslənidirib. Bu zaman fiziki cəhətdən məhdud imkanları olan yeniyetmə ona cavab qaytarıb. Həmin sərnişin yeniyetməni döyməyə başlayıb və onun başına və bədəninə zərbələr endirib. Bu zaman avtobusda olan sərnişinlərdən yalnız Aqafonova Tatyana Anatoliyevna yeniyetmənin döyülməsinə reaksiya verib. Qalan sərnişinlər isə bu hadisəni görməməzlikdən gəliblər. Tatyana sərnişinləri yeniyetməni xuliqanın əlindən almağa köməyə çağırsa da, heç kəs köməyə gəlməyib. Tatyana qışqırmağa və polisi yeniyetmənin müdafiəsinə çağırmağa başlayanada xuliqan yeniyetməni vurmağı dayandırıb. Xoşbəxtlikdən sürücü avtobusu düz polislərin yanında saxlayıb və polislər hadisəyə müdaxilə ediblər.

Hadisə barədə xəbər tutan səfirliyin əməkdaşları noyabrın 2-də həmyerlimizi Morozovski uşaq xəstəxanasında tapıblar. Müəyyən olunub ki, Kazımov Rövşən Müzəffər oğlu məlum hadisə nəticəsində kəllə beyin və göz travması alaraq həmin xəstəxanaya yerləşdirilib. Onun gözdən əlil olduğu və gözdən əlillər üçün xüsusi məktəbə təhsil aldığı da məlum olub. Səfirliyin əməkdaşı yeniyetmə ilə söhbət edblər, hadisənin təfərrüatları barədə məlumat əldə ediblər. Yeniyetmənin anası Kazımova Aygün Yusif qızı ilə söhbət zamanı onların 10 ilə yaxın müddətdə Zelenoqrad şəhərində yaşadıqları və məlum hadisə nəticəsində onun görmə qüsurlu olan oğlunun görmə qabiliyyətinin başına aldığı çox saylı zərbələr nəticəsində 1 faizə düşdüyü məlum olub. Anası oğlunun görmə qabiliyyətini tamamilə itirdiyini bildirib.

Azərbaycanın Rusiyadakı səfirinin tapşırığı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi Rusiya DİN-dən olan həmkarları ilə əlaqə yaradıb və məlum hadisə barədə onları məlumatlandıraraq hadisənin səfirliyin nəzarətində olduğunu bildirib.

Bu gün səhər saatlarında Rövşən Kazımov həkimlərin icazəsi ilə Şelenoqrad şəhərinin Matuşkini və Savelki rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə şəbəsinin müfəttişlərinə ifadə verib.

Faktla bağlı araşdırmalar aparılır. Azərbaycanın Rusiyadakı səfirliyi məlum hadisəni nəzarətdə saxlayır. Azərbaycan DİN-in nümayəndəsi Rusiya DİN-dən olan həmkarları ilə daim əlaqədədir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri