Təhsil naziri ali təhsil müəssisələrində imtahan qaydalarının dəyişməsi ilə bağlı etiraz aksiyalarına münasibət bildirib
- 04.11.2013, 14:47,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil naziri Mikayıl Cabbarov son günlər Azərbaycanın ali təhsil müəssisələrində imtahan qaydalarının dəyişməsi ilə bağlı etirazlara aydınlıq gətirib.
APA-nın xəbərinə görə, M.Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, imtahanın formasından asılı olmayaraq onların hər biri şəffaf və obyektiv keçirilməlidir.
Onun sözlərinə görə, istənilən tələbə və ya tələbə qrupunun imtahanların keçirilməsində hansısa qanun pozuntusuna yol verilməsi ilə bağlı məlumatı varsa, bunun araşdırılması üçün nazirliyə müvafiq müraciətlər etməlidir: “Təhsil Nazirliyi olaraq biz tənzimləyici qurum kimi müvafiq qərarlarımızı və cəzalarımızı verməyə hazırıq. İmtahanın obyektiv və ya qeyri-obyektiv keçirilməsi heç bir şəkildə imtahanın formasından asılı olmamalıdır. İmtahan forması testlədirsə, obyektiv, digər formalardadırsa, qeyri-obyektiv kimi təqdim edilməsi ən azı sadəlövhlük, ya da bilərəkdən məlumatın qeyri-düzgün şəkildə təqdim olunmasıdır”.
Ümumilikdə ali təhsil sistemində biliyin qiymətləndirilməsi ilə bağlı aparılan siyasətə gəlincə, nazir qeyd edib ki, təhsil sistemində qanunun aliliyi təmin olunmalıdır. Təhsil Nazirliyi tərəfindən bu məsələdə mövqeyin birmənalı olduğunu deyən M.Cabbarov bildirib ki, bu, həm təhsil verənlərə, həm də təhsil alanlara aiddir: “Qanun çərçivəsində nizam-intizama riayət edilməlidir. Qanun pozuntuları olarsa, bütün tədbirlərin, cəzaların tətbiq olunması təmin olunacaq”.
Təhsil naziri vurğulayıb ki, təhsil sistemində qiymətləndirmə çox mühüm amillərdən biridir. Onun sözlərinə görə, bu yay keçirilən müəllimlərin işə qəbulu imtahanlarında 19 min müəllim diplomunu əldə edən namizəddən yalnız 1474 nəfərini seçmək mümkün olub: “Bu da öz növbəsində onu göstərir ki, ali təhsildə verilən bilik səviyyəsi heç də obyektiv və şəffaf keçirilən imtahanda tam şəkildə təsdiqlənə bilmir. Bu da universitetləri həm təhsil sistemlərinə, o cümlədən qiymətləndirmə formalarına yenidən baxmağa və təkmilləşmə yolları axtarmağa məcbur edir. Bu normal bir prosesdir. Ona görə də ali təhsil ocaqlarının bu məsələlər barədə düşünməsi və islahatların, təkmilləşmənin yeni formaların tətbiqi məntiqli və düzgün bir istiqamətdir”.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Universitetinin tələbələri imtahanların yazılı formada keçirilməsinə etiraz edərək aksiyalar keçiriblər.