Azərbaycanın müdafiə naziri: “Rusiyanın Ermənistandakı hərbi bazasının komandirinin bəyanatına rəsmi münasibət bildirilməlidir”
- 04.11.2013, 17:04,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi, cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildirməklə yanaşı müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik ediblər.
Nazir Zakir Həsənov regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz olması barədə fikirlərini bildirib.
Eyni zamanda nazir, Rusiya Federasiyasının Ermənistan Respublikasında yerləşən 102-ci hərbi bazasının komandirinin məlum çıxışını həmsədrlərin diqqətinə çatdıraraq, bu məsələyə rəsmi səviyyədə müvafiq reaksiyanın verilməsinin vacibliyini qeyd edib.
Öz növbəsində ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bu məsələnin anlaşılmazlıq nəticəsində baş verməsini istisna etməyərək araşdırılacağına söz verib.
Sonda Azərbaycanın ordu quruculuğu sahəsindəki imkanlarının genişliyi və müasir tələblərə cavab verən Silahlı Qüvvələrin qurulması istiqamətində fəaliyyətləri vurğulayan müdafiə naziri, Azərbaycan tərəfinin işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, xalqın işğal faktı ilə barışmayacağını və ərazilərinin azad edilməsi hüququnun özündə saxladığını bildirib.
Görüşdə müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.