Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi azalıb Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-30, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, noyabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s, ongünlük normanın 66 faizini təşkil edir. Noyabrın 4-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 86 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir.

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 6 sm, Şirvanda 11 sm, Bankədə isə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 336 sm, Şirvanda 192 sm, Salyanda 169 sm, Bankədə 195 sm, Araz çayının Novruzlu məntəqəsində isə 97 sm təşkil edir.
Şərhlər
Sosial bölməsinin xəbərləri