Azərbaycan millisinin heyəti açıqlanıb. Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, almaniyalı baş məşqçi Berti Foqts bu ay keçiriləcək 2 yoxlama oyununa 23 futbolçu çağırıb.
Bu il müqaviləsi başa çatan mütəxəssis özü üçün sonuncu ola biləcək siyahısında bir sıra yeniliklər edib. Noyabrın 15-də Tallinndə Estoniya, noyabrın 19-da isə Bişkekdə Qırğızıstan yığması keçiriləcək görüşlərdə debütant da olacaq. Belə ki, milliləşən legioner Taşkın İltər karyerasında ilk dəfə əsas komandaya cəlb olunub. U-21-in üzvü səfər matçlarında meydana çıxmaqla yığmada ilk matçını keçirəcək. Komandamızın əsas qapıçısı Kamran Ağayev zədə səbəbindən əməliyyata məruz qaldığı üçün siyahıda yer almayıb. Onun yoxluğunda “Qarabağ”ın qolkiperi Fərhad Vəliyev uzun fasilədən sonra əsas yığmaya çağırılıb. Foqts ölkəmizə gəldiyi ilk vaxtlar güvəndiyi qapıçını yenidən çağırmağı lazım bilib. Ötən ay keçirilən matçlara dəvət alan “25-lik”dən Kamranla yanaşı, Qara Qarayev, Ruslan Əmircanov və Araz Abdulalyev də bu dəfə kənarda qalıb. Əmircanovun adı 4 oyunçunun yer aldığı ehtiyat siyahısındadır.
Qeyd edək ki, millinin hazırlıq planı da müəyyənləşib. Noyabrın 11-də təlim-məşq toplanışına yığışacaq komandamız 13-dək Bakıda 14-16-da Tallinndə, 17-19-da Bişkekdə hazırlıq keçəcək.
Qapıçılar: Anar Nəzirov (Sumqayıt), Səlahət Ağayev (İnter), Fərhad Vəliyev (Qarabağ)
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov (hamısı “Qarabağ”), Vladimir Levin, Elnur Allahverdiyev (hər ikisi “Qəbələ”), Rasim Ramaldanov (Xəzər Lənkəran), Mahir Şükürov (Neftçi), Ufuk Budak (Əskişəhərspor (Türkiyə), Əli Gökdəmir (Hannover II (Almaniya)
Yarımmüdafiəçilər: Rəşad Sadiqov (Neftçi), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Cavid Hüseynov, Əfran İsmayılov (hər ikisi “Bakı”), Taşkın İltər (“Ayntraxt”, Braunşveyq, Almaniya), Ruslan Abışov (Rubin, Rusiya)
Hücumçular: Vaqif Cavadov (İnter), Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Bakı), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfət Dadaşov (Kayzerslautern II, Almaniya)
Ehtiyat oyunçular: Vurğun Hüseynov, , Pərdis Fərcad-Azad (hər ikisi “Sumqayıt”), Ruslan Əmircanov (İnter), Aqil Nəbiyev (Rəvan)