Bakıda genişləndirilən yollarda tıxac probleminin həll olunmamasının səbəbləri
- 05.11.2013, 17:06,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Bakıda genişləndirilən bəzi magistral yolların kənarında əlavə obyektlərin tikilməsindən narahatdır.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, ASC-yə müraciət olunmadan artıq bəzi magistral yolların kənarında bir çox ticarət obyektlərinin, yaşayış evlərinin tikintisinə başlanılıb: "Zabrat-Pirşağı avtomobil yolunun iki hərəkət zolağından dörd hərəkət zolağına genişləndirilməsi işi hazırda davam etdirilir. Əvvəllər yolun uzunluğu 9 km, eni isə 7 metr təşkil edirdi. İndi isə eni təxminən 15 metr olaraq 4 zolağa uyğun genişləndirilib. Yolun, demək olar ki, 5,5 km hissəsinə 20 sm qalınlığında üst qat asfalt örtüyü salınıb və hazırda işlər davam etdirilir. Yolun yarıdan çox hissəsinin çəkilməsinə baxmayaraq, ASC-yə müraciət olunmadan artıq yolun kənarında bir çox ticarət obyektlərinin, yaşayış evlərinin tikintisinə başlanılıb".
P.Mürsəliyevin sözlərinə görə, yolun tikintisinə, əsaslı təmirinə başlamazdan əvvəl "Azəryolservis" ASC-yə müraciət olunmalı idi: "Artıq torpaq sahələri paylanaraq həmin magistral faktiki olaraq şəhər küçəsinə çevrilir. Bu halda da əvvəlcədən yol-təsərrüfat orqanına müraciət olunmalı idi. Çünki həmin magistral yola paralel yerli yol nəzərdə tutulmalı və 300-500 metr -1 km-dən bir əsas yola giriş-çıxış verilmək şərti ilə yerli yol tikilməli idi. İndi orda da torpaq sahələri ayrılıb, obyektlər, yaşayış evləri tikilir, avtomobillər park edilir. Tikinti zamanı yolun kənarına torpaq tökürlər və yol qalxır. Əvvəl yolun kənarı aşağı səviyyədə olduğundan yağış sularını kənarlaşdırmaq mümkün idi. İndi hamı torpağı yolun kənarına tökür və hətta yolun səviyyəsindən də yuxarı qaldırır. Bu da ona səbəb olacaq ki, yağıs suları yolun hərəkət hissəsində toplanacaq".
P.Mürsəliyev bildirib ki, həmin yolun aqibəti Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan yola da aiddir. Həmin yol 6 zolağa qədər genişləndirilərək əsaslı təmir olunub. Şəhərdən Zabrat istiqamətinə gedən yolda ticarət obyektləri inşa olunduğu üçün 3 zolağın demək olar ki, 2 zolağında avtomobillər park edilir, cəmi bir zolaq işləyir. Yəni 3 zolağa düşməli yük 1 zolağa düşür ki, bu da həmin ərazidə böyük tıxacın yaranmasına, hərəkətin iflic vəziyyətə düşməsinə, eyni zamanda, yolun vaxtından bir neçə dəfə tez sıradan çıxmasına səbəb olur. Yəni, Zabrat-Pirşağı avtomobil yolunu da həmin aqibət gözləyir".