Azərbaycanda gəlin toydan qaçdı [TƏFƏRRÜAT]

Azərbaycanda gəlin toydan qaçdı [TƏFƏRRÜAT]“Bəli rəis oynamışam”.

İki gün əvvəl Ağcabədidə baş verən və bütün ölkədə rezonans doğuran yarımçıq qalmış toyun təfərrüatları bəlli olub.

Live.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ağcabədi rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli məlumat verib.

Rəisin sözlərinə görə, hadisə iki gün əvvəl baş verib. Ağcabədidə toyu olan 1996-cı il təvəllüdlü 17 yaşlı şərti adı (A.Z) olan gəlin məclisdən sonra ər evinin qapısından birbaşa polis şöbəsinə gəlib:

“Qız gəlinlik paltarında dayısı arvadı ilə birlikdə şöbəyə gəlmişdi. Gəlin iddia edirdi ki, o öz həmyaşıdı olan dayısı oğlunu sevir. Onunla birlikdə gələn dayısı arvadı da bildirdi ki, qızı öz oğluna almaq istəyindədir. Biz gəlindən soruşduq ki, madəm ki, belə idi bəs nəyə görə toyun olmasına razılıq verib, prosesin bura qədər irəliləməsinə mane olmayıb? Mübahisəli vəziyyəti araşdırmaq üçün bəy tərəfi də polisə dəvət etdik, onları dindirdik. Oğlan tərəfin bu işdə heç bir günahı yoxdur.

Gəlinə sual verirəm ki, toyda iştirak etmisənmi, oynamısanmı? Deyir bəli rəis oynamışam. Deyirəm ki, bəs necə razı olmayıbsan ki, toyda iştirak edibsən, oynayıbsan?..

Maraqlıdır ki, bəy də gəlib dedi ki, əgər qız etiraz eləmirsə heç nə olmamış kimi götürüb evinə apara bilər. Gəlin bir müddət tərəddüd elədi. Lakin yekun olaraq dedi ki, yox, öz dayısı oğlunu sevir və onunla ailə qurmaq istəyir. Bütün qohumlarının da fikri bu oldu ki, zorla iş görmək olmaz və hər birinin izahatı alınandan sonra getdilər. Gəlin də qayıdıb atası evinə getdi. Məsələ bunla da bitdi”.

__________


Noyabrın 3-də Ağcabədi şəhərindəki “Cavid” Şadlıq Sarayında toy mərasimi zamanı gəlin şadlıq evindən qaçıb.

Daha sonra isə “102” qaynar xəttinə zəng vurub və zorən ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından yardım istəyib.

Bu məlumatı Axar.az-a verən mənbənin sözlərinə görə, şadlıq evindən qaçan gəlini təhdidlərdən qorumaq üçün polis rəisi və rayon İcra Hakimiyyətinin rəhbərləri toya gəliblər və qudaların mübahisəsinə müdaxilə ediblər

Məlumatı dəqiqləşdirmək üçün Ağcabədi rayonunda şahidlərlə əlaqə saxlamağa çalışdıq.

Toy şahidlərdən birinin verdiyi məlumata görə, əslində, gəlin toy zamanı yox, toydan sonra, oğlan evindən qaçıb, daha doğrusu, qaçırılıb:

“Toyu yarımçıq qalan şəxs Balabəy adlı gəncdir. Uşaq yaşlarından atasını itirib və anası Zülfiyyə xanımın himayəsində böyüyüb. Balabəy kasıbçılıqla böyüyüb, həm də yazıq bir həyat yaşayıb. Toy isə bütün adət və ənənələrə uyğun olaraq baş tutub. Zülfiyyə xanımın ailəsi bir ay bundan qabaq Avşar kəndinə, gəlini kimi gördüyü Z.Q.-nın (ad şərtidir) qapısına elçi gedib. Qızın “hə”-sini alıb, el adəti üzrə nişan verib. Valideyinləri tərəfindən gəlinin adına alınan cehiz oğlan evinə də gətirilib”.

Hadisə şahidinin sözlərinə görə, toy şadyanalıqla izlənilib. Toy başa çatdıqdan sonra gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman gəlinin anası və digər qohumları otağa hücum edib. Gəlin bəy otağından çıxmaq istəməsə də, valideyinlərinin təzyiqi ilə otağı tərk edib:

“Səhərisi isə o, ərə getdiyi oğlanı yox, dayısı oğlunu sevdiyini deyib. Həqiqətən nələr baş verdiyini bilmirik. Zülfiyyəyə oğlunun toyunu etməyə qonşular yardım göstərib. Hadisə vaxtı Zülfiyyənin ürəyi getdi, indi həkim nəzarətindədir”.

Qaynağımızın sözlərinə görə, bu olay bütün Ağcabədidə danışılır və hamı heyrət içindədir.

Ağcabədi rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Rzayev “Axar.az”a bildirdi ki, bu məsələ tədqiqatdadır. Rayon Prokurorluğunun nəzarətində istintaq-araşdırma işləri aparılır:

“Hadisə haqqında müxtəlif fikirlər səsləndirilir – gəlinin istəmədən bu toya məcbur edildiyi də, ailəsinin narazılığı da deyilir. İndi istintaq gedir, ona görə də qəti söz demək mümkün deyil”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri