Azərbaycanın xaricdə təmir edilən daha bir teplovozu Bakıya gətirilib

Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində daha bir TEM-2 seriyalı teplovoz Latviyada əsaslı təmir olunaraq Bakıya gətirilib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu gün Biləcəri lokomotiv deposunda əsaslı təmir olunmuş teplovoza baxış keçirilib.

Tədbirdə iştirak edən «Azərbaycan Dəmir Yolları» sədrinin birinci müavini Əlirza Süleymanov bildirib ki, Dövlət Proqramının tərkib hissələrindən biri də lokomotiv parkının genişləndirilməsi üçün yeni lokomotivlərin alınması və mövcud lokomotivlərin əsaslı təmirinin aparılmasıdır. Artıq Dövlət Proqramı çərçivəsində indiyədək 11 lokomotiv müxtəlif ölkələrdə əsaslı təmir olunaraq istismara verilib. Bu ilin fevral-mart aylarında 5 ədəd TEM-2 seriyalı teplovoz Vilnüs Lokomotivlərin Təmiri Deposuna (Latviyanın Litvadakı müəssisəsi) əsaslı təmirə göndərilib. Həmin teplovozlardan biri - TEM-2-7393 (1983-cü ilin istehsalı) artıq Azərbaycana gətirilib və teplovoz bu gün istismara verilir. Əsaslı təmir olunmuş teplovoza əvvəlkilərdən fərqli olaraq kondisioner sistemi, ön və arxa hissəsində müşahidə kamerası və soyuducu quraşdırılıb. Daha 4 ədəd teplovoz hazırda Latviyada təmirdədir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri