Azərbaycanın müdafiə naziri və Baş Qərargah rəisi cəbhədə olublar

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov cəbhə bölgəsinə səfər ediblər.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər şəxsi heyətlə görüş və hərbi hissələrlə tanışlıq xarakteri daşıyır.

Səfər çərçivəsində generallar döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkib, mövcud vəziyyətlə tanış olub, təmas xəttində döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşüblər. Fərqlənən bir qrup hərbçiyə növbəti rütbələr verilib, medal və qiymətli hədiyyələr təqdim olunub.

Təmas xəttində olan bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təminatı, silah və sursatla təchizatının vəziyyəti öyrənilib.

Komandir heyətinin məruzə və təklifləri dinlənilib, döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, həmçinin hərbi qulluqçuların sosial şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar tapşırıqlar verilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri