“Hazırda bütün ölkədə 1 milyondan 200 mindən çox avtomobil var. Bunun 750 mini faktiki olaraq Bakı qeydiyyatındadır. Əgər bölgələrdən gələn maşınları da nəzərə alsaq, bu rəqəm təxminən 900 minə yaxındır. Əslində, bu rəqəm Bakı kimi şəhər üçün o qədər də böyük deyil. Sadəcə, mövcud infrastruktura görə böyük hesab edirik. Lakin şəhərin infrastrukturu avtomobillərini sayı ilə eyni sürətlə, yəni 5 dəfə artmayıb. Azərbaycanda küçə-yol şəbəkəsinin uzunluğu 2300 kilometrdir. Bu, mövcud avtomobil sayına görə 2 dəfə azdır. Bundan başqa, dayanacaqların, yəni parkinqlərin də sayı azdır”.
Bu sözləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı Azərbaycan Texniki Universitetinin Avtomobil Nəqliyyatı vasitələri kafedrası müdiri Sülhəddin Gözəlov deyib.
Sühəddin Gözəlov bu vəziyyətin keçmiş sovetlər məkanı üçün xarakterik olduğunu bildirib: “Bu hal bütün keçmiş sovet respublikaları üçün xarakterikdir. Sovet rejimi dağıldıqdan sonra bütün keçmiş sovet respublikalarında intensiv avtomobilləşmə prosesi başladı. Bu da əks effekt verdi. Nəticədə avtomobillərin sayının sürətlə artması, tıxaclar, ekoloji mühitin çirklənməsi problemləri meydana çıxdı”.
Mütəxəssisin fikrincə, problemin həlli yolları müxtəlifdir: “Bu problemdən çıxış yolu, ilk növbədə, infrastruktur tədbirlərinin həyata keçirilməsidir. Ölkədə son 10 ildə infrastruktur problemlərinin həlli üçün geniş miqyaslı tədbirlər planı həyata keçirilib. Bu tədbirlər intensiv şəkildə həyata keçirilir, lakin unutmaq olmaz ki, infrastrukturun inkişafı üçün zaman lazımdır. 1-2 ilə nəticə gözləmək tezdir. Bunun üçün xüsusi texnika, texnologiya lazımdır. Deməli, avtomobilləşmə dövlət tərəfindən sərtləşdirilmiş qaydalarla tənzimlənməlidir. Bunun üçün müxtəlif iqtisadi rıçaqlardan istifadə etmək lazımdır”.
Sülhəddin Gözəlov avtomobilləşmənin dövlət tərəfindən tənzimlənməsinin tərəfdarıdır: “Avtomobillərin mühərrik tutumu, mühərrikinin və avtomobilin qabariti nəzərə alınmalıdır. Biz yollarda işçi həcmi böyük olan avtomobillər, yəni CİP-ləri çox görürük. Bu, həm havaya atılan tullantıların həcminin, həm istifadə olunan yanacağın miqdarının, həm də tıxaclarda tutduğu yerin böyüklüyü deməkdir. Əvvəllər bu avtomobillərdən istifadəni yolların nahamarlığı və köhnəliyi ilə izah edirdilər. İndi artıq bu kimi səbəblər əsassızdır. Onsuz da gömrük vergi rüsumlarında diferensiallaşdırılmış siyasət həyata keçirilir. Nəqliyyat vasitələrinə mülkiyyət vergisi də tətbiq etmək çıxış yolu ola bilər”.
Sülhəddin Gözəlov avtomobil idxalına gömrük rüsumunun tətbiqində dəyişiklər aparılmasının rolundan da danışıb: “Əgər gömrük rüsumunu azaltsaq, bunun həm müsbət, həm də mənfi cəhətləri ortaya çıxar. Müsbət cəhəti odur ki, respublikadakı avtomobillərin yaş strukturu azalar. Hazırda orta hesabla xaricdən gələn avtomobillərin çoxunun istismar müddəti 15 ildən yuxarıdır. Əgər biz ili yeni olan avtomobillərin gömrük rüsumunu azaltsaq, respublikanın avtomobil parkının keyfiyyəti artar. Eyni zamanda, gömrük rüsumlarının azaldılması idxalın artmasına şərait yaradar. Bu isə o deməkdir ki, maşın çox olacaq, amma sıxlıq üzündən istifadə etmək olmayacaq. Əksinə, əgər gömrük rüsumu artırılsa, bu zaman maşın idxalı nizamlanar. Say azalar, lakin köhnə avtomobillər artar. Odur ki, orta variant olmalıdır”.
Mütəxəssis Bakıda nəqliyyat probleminin həllinin digər üsullarından da danışıb: “Bakıda nəqliyyatın hərəkətini tənzimləmək üçün müxtəlif üsullardan istifadə etmək olar. İlk növbədə, yol kənarında dayanan maşınlar üçün mütləq parkinqlər olmalıdır. Bundan başqa, şəhərin girişində bölgələrdən gələn avtomobillər üçün dayanacaq yerləri yaratmaq olar. Şəhər mərkəzində günün müəyyən saatlarında nəqliyyatın sıxlığını azaltmaq üçün həmin saatlarda şəxsi nəqliyyatın girişini məhdudlaşdırmaq olar”.
Sülhəddin Gözəlov avtomobil sıxlığının yaratdığı tıxacların ölkə iqtisadiyyatına vurduğu zərərdən də danışıb: “Təxmini hesablamalara görə, əgər Bakı şəhərində 800 min şəxsi avtomobil olduğunu nəzərə alsaq, bu maşınların 250 mini eyni zamanda hərəkət vəziyyətində olur. Bunların 30 faizi, yəni, 70-80 mini gün ərzində 1 saat tıxacda qalırsa, bu, tıxac zamanı gündə 160 min litr yanacağın sərfi deməkdir. Əgər bu avtomobillərin çoxunun köhnə olduğunu nəzərə alsaq, rəqəm daha da artır. Bundan əlavə, ekoloji amili də nəzərə alsaq, hesablamalar göstərir ki, 1 ildə Azərbaycanda havaya təkcə avtomobillərdən atılan yalnız zəhərli qazların həcmi 750 min – 1 milyon ton arasındadır. Bu, olduqca böyük rəqəmdir”.
Sülhəddin Gözəlov küçə-yol şəbəkəsində islahatlardan da danışıb: “İctimai nəqliyyat üçün ayrıca hərəkət zolağı olsa, bu əhalinin mənzil başına çatdırılma sürətini artırar və əhali şəxsi nəqliyyatdan çox ictimai nəqliyyata üstünlük verər. Hazırda yol hərəkətinin tənzimlənməsi üçün təkliflər planı üzərində işləyirik. Təcrübə göstərir ki, dünyanın bütün meqapolislərində bu problem var. Lakin avtomobildən istifadə faizi böyük şəhərlərdə çox olmadığına görə, bu qədər problem yaranmır. Biz avtomobildən zəruri hallarda istifadə etmək vərdişinə malik deyilik. Yeri gəldi, gəlmədi, şəxsi nəqliyyatdan istifadə edirik.
Qonaq avtomobil dayanacaqlarının azlığı probleminə də diqqət çəkib: “Parkinqlərin tikilməsi həm zərurətdir, həm də məsələnin ticari tərəfini də inkar etmək olmaz. Qiymətlərə gəldikdə isə, ilk vaxtlar üçün əhalidə parkinq vərdişi formalaşdırmaq üçün qiymətlər cəlbedici olmalıdır. Daimi istifadəçilər, sakinlər üçün kartlar tətbiq olunmalıdır. Amma hələ duracaq yerləri olduqca azdır. Bunların sayı, tikintisi sürətlə artmalıdır. Bu rəqabət yaradacaq, qiymətə də təsir edəcək”.