Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
- 07.11.2013, 19:05,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident!
Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr vermişdir. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq.
Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası bir sıra məsələlər üzrə həm ikitərəfli şəkildə, həm də son zamanlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında yaxından əməkdaşlıq edir. Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk. Biz, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq və bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Sizin və Prezident Sarqsyanın qərarını alqışlayırıq. Biz, Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq.
Əməkdaşlıq və tərəfdaşlığımızın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin ölkəniz tərəfindən gücləndiriləcəyinə ümidvarıq. Seçkidən sonra qeyd etdiyimiz kimi, biz, Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik. Azərbaycanla tərəfdaşlığımız sözügedən səylər sayəsində daha da möhkəmlənməyə davam edəcək.
Sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyir, müstəqilliyinizin bərpasının iyirmi ikinci ildönümündə Sizə və Azərbaycan xalqına sülh və uğurlar diləyirəm”.