Bakıda Bayraq Günü münasibəti ilə 2000 ədəd bayraq paylanıb

Bakının Binəqədi rayonunda 9 noyabr Dövlət Bayrağı Günü və 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə tədbirlər keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, toplantıda Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Eldar İbrahimov, RİH başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, rayon icra strukturlarının rəhbərləri, hərbi qulluqçular, ictimai fəallığı ilə seçilən gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

İcra başçısı Xaləddin İsgəndərov müstəqilliyin ilk illərindən və Heydər Əliyevin xidmətlərindən danışıb. RİH başçısı prezident İlham Əliyevin Azərbaycan dövlət rəmzlərinə göstərdiyi diqqətdən bəhs edərək, 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncamla 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi təsis edilməsini qeyd edib.

Toplantıdan sonra Binəqədi gəncləri Dövlət Bayrağı günü münasibətilə Binəqədi rayonu Heydər Əliyev adına İstirahət Parkında flaşmob keçirib. Həmçinin rayonun bir sıra əsas küçə və prospektlərinin kənarında yerləşən binaların sakinlərinə 2000-ə yaxın bayraqlar paylanılıb. Bayraqlar sakinlər tərəfindən binaların eyvanlarından asılıb.

Bundan başqa, rayon ərazisində 8 əsas görünən yerlərdə Bayraq Günü və Konstitusiya Günü ilə bağlı irimiqyaslı bannerlər asılıb, elektron monitorlarda hazırlanmış bayram təbrikləri videoçarxları verilib. Bakı – Sumqayıt şossesinin kənarında yaşıllaşdırılmış sahədə iki ədəd iri ölçüdə bayrağın yerləşdirilməsi və Azadlıq prospektində yeni üzlənmiş binalarda lazer effektlərlə bayramla əlaqədar animasiyalar verilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri