Gürcüstan Prezidenti: Cənubi Qafqaz birləşmiş regiona çevriləcək
- 07.05.2013, 18:00,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Minlərlə Gürcüstan və Azərbaycan vətəndaşı öz evlərinə qayıda bilmir, çünki bu evlər hansısa siyasi səbəblərə görə daha onlara məxsus deyil. Nəticədə insanlar doğmalarının qəbirləri olduğu yerlərə gedə bilmirlər. Bütün bunlar böyük qüvvələrin oyunlarıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Gürcüstan Prezidenti Mixail Saakaşvili Bakıda keçirilən I Cənubi Qafqaz Forumunda çıxışı zamanı deyib.
Saakaşvili ümid etdiyini bildirib ki, vaxt ötdükcə Cənubi Qafqaz perspektivdə Ermənistanın da daxil ola biləcəyi birləşmiş region olacaq.
"Ümid edirəm ki, Cənubi Qafqaz uzunmüddətli perspektivdə birləşmiş region olacaq. Çünki Ermənistana qonşularla əlaqələr lazımdır və bu ölkə təcrid edilmiş dövlət kimi qala bilməz. Əminəm ki, Ermənistanı bu ümumi sabitlik zonasına inteqrasiya etdirə biləcəyik. Lakin bu, sadəcə Gürcüstana dəmiryolun açılması və bizim üçün strateji layihə olan Qars-Axalkalakiyə qoşulma hesabına deyil, siyasi liberallaşmanın bir hissəsi kimi baş verməlidir", - Gürcüstan Prezidenti bildirib.
Onun sözlərinə görə, regiondakı vəziyyət iki yolayrıcındadır. Son illər siyasi istiqamət baxımından bir çox hadisələr baş verib.
Saakaşvili Azərbaycanın zəngin enerji resurslarına malik ölkə kimi əhəmiyyətini qeyd edib.
"Azərbaycan Xəzər regionunda sabitlik, iqtisadi güc və müstəqil siyasətin uğurlu nümunəsidir", - Saakaşvili bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycanın xarici siyasəti indiki kimi qalmalıdır.
"Dünya bu ölkədə qeyri-sabitliyə yol verməməlidir. Müstəqil kursun nəyə gətirib çıxardığını ölkənin nümunəsində gördük. Heç kəs gözləmirdi ki, belə proseslər Gürcüstanda olacaq, lakin bu baş verdi. Lakin Azərbaycan möhkəm, uğur qazanmış dövlətdir və biz ümid edirik ki, Azərbaycan olduğu kimi qalacaq. Biz bunu özümüz üçün də istəyirik, çünki öz səhvlərimiz sayəsində öyrənirik", - Saakaşvili qeyd edib.