Xəzərdə xırda onurğasız heyvanların çoxalması kilkə, nərə cinsli balıqlar və suitilərin sayının dəfələrlə azalmasına səbəb olub

Xəzərdə xırda onurğasız heyvanların çoxalması kilkə, nərə cinsli balıqlar və suitilərin sayının dəfələrlə azalmasına səbəb olub Xəzər dənizindəki mnemiopsislər zooplanktonun (dənizdəki xırda balıqların yediyi xırda onurğasız heyvanlar) həcminin 90 faizini yediyi üçün burada kilkələrin və eyni zamanda kilkələrlə qidalanan nərə cinsli balıqların və suitilərin sayı təxminən 10 dəfə azalıb.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov Trend-ə bildirib ki, çoxilllik say dinamikasına görə, kilkələrin sayı Cənubi Xəzərdə təxminən 8-10 dəfə, Orta Xəzərdə 5-6 dəfə azalıb: "1999-2000-ci illə müqayisə edildikdə Xəzərdə həm zooplanktonunun, həm də kilkələrin sayı təxminən 10 dəfə azalıb. Belə vəziyyət 10 ilə yaxındır ki, davam edir. Kilkələrlərin azalması onlarla qidalanan nərə cinsli balıqların, suitilərin də təxminən 10 dəfə azalmasına səbəb olub. Xəzər dənizi xəstə bir orqanizmə bənzəyir".
M.Axundov deyib ki, Amerikanın Atlantik okean sahillərinə məxsus olan mnemiopsis növünə 1987-ci ildə Qara dənizdə, 1990-cı ildə Azov dənizində təsadüf olunub. Xəzər dənizinə isə bu növ 1999-cu ildə Volqa-Don kanalı vasitəsilə ilə gəlib. Xəzərdə mnemiopsislərin olması yalnız Azərbaycan üçün deyil, bütün Xəzəryanı ölkələr üçün problemlər yaradıb. Bu, Xəzərdə daha çox yırtıcı nərəkimilərə - bölgə, qızıl, qaya, nərə, siyənək balıqlarına təsir edib. Uzunburun balığı isə daha çox dənizin dibində olan heyvanlarla qidalanır.

İnstitutun direktoru hazırda Xəzərdə yaşayan nərəkimilərin doyunca qidalana bilmədiklərini də söyləyib.

Mnemiopsislərin daha çox yayda - planktonların çoxalan vaxtında yayıldığını deyən mütəxəssis qeyd edib ki, onlar bütün su hövzələrinə eyni cür təsir edirlər. Bu canlılar həm Aralıq, həm Baltik, həm də Qara dənizdə kilkələrin sayını azaldıblar.

M.Axundovun sözlərinə görə, Xəzəryanı ölkələr dənizə mnemiopsisin rəqibi olan Beroye gətirmək istəyiblər. Ancaq sonradan tədqiqatlar onu göstərib ki, beroye çoxaldılarsa, onda bu, Xəzərin ekosisteminə başqa cür mənfi təsir edə bilər: "Ona görə də bu, həyata keçirilmədi və qərara gəlindi ki, mnemiopsislərə təsir etməyə ehtiyac yoxdur. Çünki mnemiopsis Xəzərin ekosisteminə adaptasiya olduqdan sonra ekosistemdə öz yerini tutacaq və onların sayında azalma müşahidə olunacaq. Artıq orta Xəzərdə mnemiopsisin say və kütləsinin azaldığı müşahidə edilir. Cənubi Xəzərdə isə bu, hələ müşahidə edilmir. Ancaq yaxın zamanlarda bu prosesin Xəzərin cənubunda da baş verəcəyi gözlənilir. Bu da mnemiopsislə bioloji mübarizədə beroyenin Xəzər dənizinə gətirilməsinə ehtiyacın olmamasına dəlalət edir".

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov Trend-ə bildirib ki, mnemiopsislərin təsiri nəticəsində Xəzər dənizində nərəkimilərdən olan beluqanın sayının daha çox azalmasına səbəb olub.

O qeyd edib ki, Xəzərin Azərbaycan sektorunda mnemiopsislərin olması dənizin daha çox Lənkəran ərazisinə düşən hissəsinə zərbə vurub: "Ona görə ki, orada suyun duzluluğu daha çoxdur. Mnemiopsislər üçün də belə şəraitdə yaşamaq asandır. Ancaq şimal və Abşeron tərəfə getdikcə duzluluq azalır. İndi isə vəziyyət nisbətən stabilləşib, kilkələrin sayı endikləri həddə də qalıb".

İ.Ələkbərov deyib ki, mnemiopsisləri məhv etmək mümkün deyil, çünki onu parçalayanda hər parçalanan hissə yeni bir fərd verir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri