Moskvada qadın Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti Mais Qurbanova atəş açaraq yaralayıb

Rusiya Miqrantar Federasiyasının vitse-prezidenti Mais Qurbanovun evinin girişində quraşdırılmış müşahidə kamerası ona tapançadan atəş açan qadını qeydə alıb.

APA-nın “Life News”-a istinadən verdiyi xəbərə görə, videogörüntüdə Mais Qurbanovun Moskvanın Novokosino rayonunda yaşadığı binanın giriş qapısına yaxınlaşdığı əks olunub. Bu zaman arxa planda sürətlə yeriyən slavyan görünüşlü qadın tapançadan atəş açaraq, dərhal hadisə yerini tərk edir.

Güllə yarası almış və nə baş verdiyini anlamayan Mais Qurbanov atəş açılandan dərhal sonra arxaya dönüb cinayətkara baxır və həmin an əks istiqamətə qaçır.

Qurbanovun hadisədən sonra verdiyi açıqlamaya əsasən, ona hücum edən şəxslər heç bir söz demədən və hər hansı bir şüar səsləmədən atəş açaraq sakitcə hadisə yerini tərk ediblər.

Mais Qurbanov isə özünü yaxınlıqdakı kafeyə çatdıraraq “təcili yardım”ın çağırılmasını xahiş edib.

Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Mais Qurbanov ona qarşı törədilən sui-qəsdin ictimai fəaliyyəti ilə bağlı olduğunu istisna etmir.

“Biz mütəmadi olaraq telefon vasitəsilə təhdidlərə məruz qalırıq, lakin konkret olaraq mənim ünvanıma heç bir məlumat daxil olmamışdı. İki il əvvəl mənim oğlum hücuma məruz qalmışdı, lakin o zaman polis cinayət işi açmaqdan imtina etmişdi”, deyə Mais Qurbanov əlavə edib.

___________


Moskvada Rusiya Miqrantlar Federasiyasının prezidentinin müavini Mais Qurbanova sui-qəsd törədilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Mais Qurbanova travmatik silahdan atəş yaşadığı evin qarşısında açılıb. Qurbanov ona qarşı törədilən sui-qəsdi ictimai fəaliyyəti ilə əlaqələndirir. Polis araşdırma aparır.

Qeyd edək ki, hücum noyabrın 12-də saat 01.30 radələrində Mais Qurbanovun Novokosinski küçəsindəki evinin qarşısında baş verib. Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti binanın giriş qapısına yaxınlaşdıqda naməlum şəxslər arxadan ona atəş açıb. “Cinayətkarlar hadisə yerini tərk etməzdən Qurbanov ona atəş açan şəxsin cavan qadın olduğunu görüb”, deyə Rusiya Miqrantlar Federasiyasının prezidenti Məhəmməd Əmin Məcumdər “Gazeta.ru”ya bildirib. “Hücum edən şəxslər 4 nəfər olub. Qurbanov qolundan güllə yarası alaraq, çoxlu qan itirib. Hazırda onun həyatına heç bir təhlükə yoxdur”, deyə o bildirib.

Rusiya Miqrantlar Federasiyasının prezidentinin sözlərinə görə, Mais Qurbanova dəfələrlə təhdidlərə məruz qalıb: “Biz hücumun milliyyətçilər tərəfindən törədildiyini birmənalı iddia edə bilmərik. Ümid edirik ki, istintaq hər şeyə aydınlıq gətirəcək”.

Bununla belə, o M.Qurbanova qarşı törədilən hücumun onun ictimai fəaliyyəti ilə əlaqəli olduğunu istisna etməyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri