Azərbaycan yol polisinin sürücülərə xəbərdarlığı: avtomobillərdə jalüzlərdən istifadə mövsümü yekunlaşır
- 13.11.2013, 13:40,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istismarı ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, noyabrın 15-də Azərbaycanda avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə verilən icazə müddəti sona çatır. Ona görə də sürücülər müddəti nəzərə alıb, arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanaraq quraşdırılmış jalüzləri çıxarmalıdırlar. Əks halda cərimələnəcəklər.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, avtonəqliyyat vasitələrinin arxa yan şüşələrində sənayə üsulu ilə hazırlanaraq quraşdırılmış jalüzlərin istifadə müddəti başa çatdığından Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, noyabrın 16-dan etibarən yol hərəkətində avtomobillərdə bu tipli jalüzlər istifadə edilərsə, onlar məsuliyyətə cəlb ediləcəklər: "Bir daha xahiş və tələb edirik ki, sürücülər və avtomobil sahibləri avtonəqliyyat vasitələrinə quraşdırılan əlavə avadanlığa görə qanunvericiliyin tələbinə əsasən 150 manat məbləğində cərimə olunacaqlarını nəzərə alaraq qayda və qanunların tələblərinə hörmətlə yanaşsınlar və onları yerinə yetirsinlər".
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 15 aprel 2013-cü il tarixli əmri ilə AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilib. Əmrə əsasən, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Qeyd edək ki, bu müddətdə jalüzlər nəqliyyat vasitələrinin yalnız arxa yan şüşələrində quraşdırıla bilər.