ABŞ-ın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həlli asan məsələ olsaydı, biz bunu edərdik”
- 14.11.2013, 02:09,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Mən Dağlıq Qarabağ məsələsinin bütün azərbaycanlılar üçün necə ağrılı məsələ olduğunu bilirəm. Bilirəm ki, azərbaycanlıların demək olar, 99 faizi Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış edir. 20 ildən çox keçməsinə baxmayaraq, bu məsələnin həll olunmamasına görə Azərbaycan xalqının məyusluğunu başa düşürəm”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisadi Universitetin tələbələri ilə görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Səfir bildirib ki, ABŞ Minsk Qrupunun həmsədr ölkəsi kimi 20 ildir bu sahədə işləyir: “Biz Minsk Qrupu ilə birgə işləyərək, bu məsələnin nizamlanmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, əsas problemlərdən biri hər iki ölkə - həm Azərbaycan, həm də Ermənistanın böyük güclərin, böyük dövlətlərin, xüsusilə ABŞ-ın daha çox səy göstərməsini gözləməsidir. Regionlara səfər edərkən, küçədə insanlar məndən soruşurlar ki, məsələ niyə həll olunmur? Əmin edirəm ki, bu asan olsaydı, biz bunu edərdik. İnanıram ki, bu məsələ yalnız o zaman həll oluna bilər ki, münaqişə tərəfləri problemin birdəfəlik həllinə qəti qərar versinlər”.
Səfir ümidvar olduğunu bildirib ki, prezidentlərin yaxın vaxtlarda baş tutacaq görüşündə hər iki ölkə başçısı bu problemi həll etmək və konkret məsələlərlə bağlı razılığa gəlmək üçün qərar qəbul edəcəklər.
ABŞ tərəfindən Dağlıq Qarabağa hər il maliyyə yardım göstərilməsi ilə bağlı suala cavabında R. Morninqstar bildirib ki, bu, Konqresin mandatına uyğun olaraq həyata keçirilir və bu yardım ancaq humanitar məqsədlidir: “Həm də burada söhbət böyük məbləğlərdən getmir”.