Azərbaycanda uşaq bağçalarının çatışmazlığı problemi ilə əlaqədar xüsusi dövlət proqramının qəbul edilməsi təklif olunur

Azərbaycanın müxtəlif bölgələrində, həmçinin Bakı şəhərində uçaq bağçalarının sayında çatışmazlıq müşahidə olunur.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Gələn ilin büdcə zərfinin müzakirə olunduğu toplantıda millət vəkili təklif edib ki, Təhsil Nazirliyi bununla bağlı ayrıca dövlət proqramı hazırlasın və ölkədə mövcud olan bağça çatışmazlığı problemi aradan qaldırılsın: «Bu gün bölgələrdə və paytaxta uşaq bağçalarının çatışmazlığı yaşanır. Mən yerlərdən çoxlu sayda müraciətlər alıram. Ona görə yaxşı olardı ki, bununla bağlı müəyyən dövlət proqramı hazırlansın və qəbul edilsin. Eyni zamanda, mənzil-kommunal təsərrüfatlarının problemlərinin həlli ilə bağlı addımların atılmasına böyük ehtiyac var».

Bununla yanaşı A.Mirzəzadə qeyd edib ki, ölkədə sahibkarlığın inkişafına ayrılan vəsait artırılmalıdır. Onun sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu il sahibkarlara 150 mln. manat vəsait verilib: «Bu çox gözəl addımdır. Amma çox təəssüf ki, bu vəsaitlərdən bütün sahibkarlar istifadə edə bilmir. Çünki bu vəsait çox azdır. Xahiş edərdim ki, bu vəsait artırılsın və digər sahibkarlar da bu vəsaitdən istifadə edə bilsinlər».
Şərhlər
Sosial bölməsinin xəbərləri