Azərbaycan paytaxtında bütün avtobus dayanacaqları pulsuz internetlə təmin olunacaq

Bakı şəhərində 2015-ci ildə təşkil olunacaq I Avropa Olimpiya Oyunları ərəfəsində bütün avtobus dayanacaqlarında Wi-Fi sistemi quraşdırılacaq.

Paytaxt sakinləri və ölkəyə gələn turistlər bunun vasitəsilə internetdən pulsuz istifadə edə biləcəklər. Bu barədə APA-ya Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib.

N.Həsənov qeyd edib ki, bu sistemin tətbiqi birbaşa olaraq Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin nəzarəti ilə həyata keçiriləcək.

«Avropa Olimpiya Oyunları ilə əlaqədar GPS naviqasiya sistemi, Beynəlxalq Avtovağzal Kompleksində turist-informasiya mərkəzləri quraşdırılacaq. Eyni zamanda ingilis dilli xüsusi könüllü qruplar təşkil olunacaq. Həmçinin, həm ana dilimizdə, həm də ingilis dilində yolların işarələnməsi nəzərdə tutulub», - deyə N.Həsənov qeyd edib.

Nazirlik rəsmisi əlavə edib ki, bütün hazırlıq işləri 2015-ci ilin may ayına qədər yekunlaşacaq.

N.Həsənov Avropa Olimpiya Oyunlarından sonra da pulsuz internet sisteminin fəaliyyətini davam etdirəcəyini istisna etməyib.
Şərhlər
Sosial bölməsinin xəbərləri