Gələn həftə Azərbaycan paytaxtının mərkəzi hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Gələn həftə Azərbaycan paytaxtının mərkəzi hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Bakının küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, noyabrın 21-dən 24-dək paytaxtın Səbail rayonu ərazisində GT3 avtomobil yarışının başlanması ilə əlaqədar paytaxtın Mikayıl Useynov, Qurban Abbasov, Aqil Quliyev, Aydın Nəsirov, Əhməd Yaqubov, Əlibəyov Qardaşları, Aydın Məmmədov və Əli Nəzmi küçələri istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Qeyd edək ki, dünya avtomobil yarışında Fransa, İtaliya, İspaniya, Almaniya və s. kimi ölkələrdən olan 13 komandanın tərkibində 30-dan artıq avtomobil yarışacaq. Avtomobillər bir neçə dəfə dövrə vuraraq təyin edilmiş 8 km-lik marşrut boyu hərəkət edəcək. Beynəlxalq yarışı dünyanın müxtəlif ölkələrində 165 televiziya canlı yayımlayacaq ki, bu da 3 milyard tamaşaçı auditoriyası deməkdir.

Tədbir çərçivəsində 13 ədəd Formula 1 tipli yarış avtomobilləri şou nümayiş etdirəcək. Yarış avtomobilləri Bayraq Meydanının qarşısından start götürərək Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından geriyə, M.Useynov küçəsindən keçməklə A.Quliyev küçəsi ilə Bakı-Salyan şosesindən Bayıl dairəsi istiqamətində gedəcək və geriyə - Bayraq Meydanına qayıdacaqlar.

Yarışı izləmək istəyən 13 minədək tamaşaçının xüsusi avtobuslarla bir neçə məntəqədən daşınması və quraşdırılmış 3 tribunada yerləşdirilməsi nəzərdə tutulub. Həmin məntəqələr barədə əlavə məlumat veriləcək.

Odur ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinin, ümumiyyətlə, əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, keçiriləcək bu möhtəşəm tədbirin mahiyyətini nəzərə alaraq, yarış keçiriləcək istiqamətlərdə nəqliyyat sıxlığının, tıxacların, yol-qəza hadisələrinin baş verməməsi üçün şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Qeyd edilən müddətdə bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, "20-ci Sahə" dairəsindən isə Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət nəzərdə tutulub.

Paytaxtın Neftçilər prospekti - Azneft dairəsindən Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur.
Şərhlər
Sosial bölməsinin xəbərləri