Kürdəmirdə minik maşını "KamAZ"a çırpılıb, Göyçay Qaz İstismar İdarəsinin iki işçisi ölüb

Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 21:00 radələrində Bakı-Qazax yolunun 168-ci kilometrliyində, Kürdəmirin Sığırlı kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunun Bığır kənd sakini, 1958-ci il təvəllüdlü Həsənov Feruz Valeh oğlunun idarə etdiyi 90-FD-051 dövlət nömrə nişanlı VAZ 2107 markalı maşın qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan Gədəbəy rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədov Asif Mehdi oğluna məxsus 21-BD-751 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşınının arxa tərəfinə çırpılıb. Hadisə nəticəsində VAZ 2107 markalı maşının sürücüsü Feruz Həsənov və sərnişini, 1959-cu il təvəllüdlü Qurbanov Əzim Hümbət oğlu aldığı ağır xəsarətlər səbəbindən ölüb.

Qeyd edək ki, ölən Əzim Qurbanov “Azəriqaz” İstehsalat Birliyinin Göyçay rayon Qaz İstismar İdarəsinin təbii qazın qəbulu və satışı şöbəsinin rəisi, Feruz Həsənov isə həmin idarənin mühəndisi vəzifəsində çalışırdı.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri