Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkərandakı insidentlə bağlı məlumat yayıb
- 16.11.2013, 22:19,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
15 noyabr 2013-cü il tarixində Lənkəran rayon sakini Əskərov Hasil Əlipaşa oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə gələrək Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən və bələdiyyə mülkiyyəti olmayan 30 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasını tələb edib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, H. Əskərov Sütəmurdov qeyd edilən torpaq sahəsi üzərində hüquqlarına dair heç bir hüquqmüəyyənedici sənədin, habelə bələdiyyənin adından tələblə müraciət etmək səlahiyyətlərinin olmaması vətəndaşa izah edilib. Lakin o, binanı tərk etdikdən sonra polis idarəsinə telefon vasitəsi ilə zəng edərək, guya binaya partlayıcı qurğu qoyduğunu bildirib. Nəticədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinin iş rejimi uzun müddətə pozulub.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış araşdırma zamanı həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaması və Müdafiə Nazirliyinin Sütəmurdov kəndi ərazisində yerləşən “N” saylı hərbi hissəsinin hasarına bitişik xüsusi rejimli mühafizə zonasında yerləşdiyi müəyyən edilib.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 23.1, 23.2, 23.3-cü maddələrinə əsasən hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Bu torpaqlar onlara aid edilmiş xüsusi rejimli mühafizə zonaları ilə birlikdə adıçəkilən qurumlara təhkim edilir və dövlətin müstəsna mülkiyyəti hesab olunmaqla, bələdiyyə və xüsusi mülkiyyətə verilmir. Buna baxmayaraq, Sütəmurdov bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin hərrac vasitəsi ilə satılması barədə 28 iyun 2013-cü il tarixli qərar qəbul edilib.
Məsələnin araşdırılması məqsədi ilə müvafiq materiallar hüquq-mühafizə orqanlarına təqdim edilmək üçün hazırlanır.