Tatarıstanın Kazan şəhərində qəzaya uğrayan sərnişin təyyarəsinin 23 il istismarda olduğu məlum olub

Tatarıstanın Kazan şəhərində qəzaya uğrayan sərnişin təyyarəsinin 23 il istismarda olduğu məlum olub. APA-nın Rusiya bürosunun məlumatına görə, bu gün Moskva vaxtı ilə saat 19:25-də Kazan Beynəlxalq Hava Limanında qəzaya uğrayan “Boinq-737” sərnişin təyyarəsinin 23 il bundan qabaq istehsal olunduğu və 2008-ci ildə “Tatarıstan” aviakompaniyası tərəfindən alındığı bildirilib.

Qeyd edək ki, Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanıne enərkən eniş zolağında qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub.

Qəzada həlak olanlar arasında Tatarıstan prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanov və Tatarıstan respublikası Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Antonov olublar.

Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak
olduğunu bildirib. Qəzaya ilkin səbəb kimi ekipajın səhvinin olduğu göstərilir.

Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş vermiş təyyyarə qəzası ilə bağlı cinayət işi açıldığını və araşdırmaların aparıldığını söyləyib.


Onu da qeyd edək ki, qəzaya uğrayan “Boinq - 737” təyyarəsinin məxsus “Tatarıstan” avikompaniyası 1999-cu ildə yaradılıb. Sərnişindaşıma ilə məşğul olan bu aviakompaniya Rusiyanın bir çox şəhərlərinə, Türkiyə (İstanbul), Çexiya (Praqa), MDB ölkələrinə, o cümlədən Bakıya aviareyslər həyata keçirir.
Şərhlər
Dünya bölməsinin xəbərləri