Bakıda 17 gün əvvəl törədilmiş qətlin üstü açılıb
- 20.11.2013, 00:59,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Xətai rayonunda törədilən qətlin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 2-də Xətai rayonu M.Hadi küçəsində yaşayan 1969-cu il təvəllüdlü Qaçayeva Reyhan Əmiraslan qızının üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti yaşadığı mənzildə aşkar edilib.
R. Qaçayevanın həmin gün işə gəlməməsi və telefon zənglərinə cavab verməməsi iş yoldaşları arasında narahatçılığa səbəb olub və bu səbəbdən onun evinə baxış zamanı qadının qətlə yetirildiyi məlum olub.
Cinayət barədə məlumat alan polis dərhal araşdırmalara başlayıb, hadisə yeri müayinə olunaraq istintaq üçün əhəmiyyətli olan maddi sübutlar toplanıb. Araşdırmalar nəticəsində hadisənin mərhumun iş yoldaşı, Kamal Kərimov tərəfindən törədilməsi müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Kərimov Kamal Veysəl oğlu noyabrın 19-u səhər saatlarında yaşadığı Buzovna qəsəbəsi A. Musayev küçəsindəki evdə saxlanılaraq istintaqa təhvil verilib.
Kənan Kərimov ilkin ifadəsində Reyhan Qaçayevadan borc götürdüyünü və aralarındakı mübahisənin də borcun gec qaytarılması səbəbindən baş verdiyini bildirib. Saxlanılan şəxsin dediyinə görə, noyabrın 2-si saat 10:00 radələrində borcun bir hissəsini qaytarmaq məqsədilə məhrumun evinə gəlib və qadının təhqirləri ilə üzləşərək bıçağa əl atmalı olub.
Cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunun istintaq idarəsində aparılır.
APA-nın əldə etdiyi məlumata görə, hadisə zamanı öldürülən qadın və hadisəni törədən şəxs Zabrat aeroportunda nəzarətçi işləyirmiş.