ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıblar ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ilə bağlı bəyanat yayıblar.


APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair məsələlərin müzakirəsini davam etdirmək üçün xarici işlər nazirlərinin müşayiəti ilə Vyanaya gələn Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistan prezidenti Serj Sarkisyanı salamlayıb: “Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib. Bu, prezidentlərin 2012-ci ilin yanvarında Soçidə keçirilən sammitdən sonra ilk görüşü idi. Təkbətək görüşdə və daha sonra həmsədrlər və nazirlərin iştirakı ilə keçirilən məsləhətləşmələrdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli barədə geniş əhatəli məsələləri müzakirə ediblər. Prezidentlər məsələnin sülh yolu ilə nizamlanmasına yönələn danışıqlara impuls vermək barədə razılığa gəliblər və nazirlərə tapşırıq veriblər ki, həmsədrlərlə birlikdə daha əvvəl görülən işlərin əsasında sülh prosesini intensivləşdirmək üçün çalışmağa davam etsinlər. Onlar qarşıdakı aylarda yenidən görüşmək barədə razılığa gəliblər. Növbəti addım kimi həmsədrlər ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 5-6-da Kiyevdə keçiriləcək yığıncağı çərçivəsində nazirlərin işgüzar görüşlərini təşkil edəcəklər”.


Həmsədrlər ilin sonuna qədər yenidən bölgəyə səfər etməyi planlaşdırır.
Şərhlər
Siyasət bölməsinin xəbərləri