Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş şəxslərin sayı 4 min 985 nəfərə çatıb

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu bu ilin 9 ayı ərzində hüquq-mühafizə orqanlarının narkotiklərlə mübarizə sahəsində fəaliyyətləri ilə bağlı hesabatı açıqlayıb.

İşçi Qrupundan APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində narkotik vasitələrlə bağlı 2099 cinayət faktı aşkar olunub.

Bu, ölkə üzrə cinayətlərin 91,2 faizini əhatə edir. Daxili İşlər Nazirliyi tərəfindən 534 kq 874,101 qr müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər zamanı 28 cinayət faktı üzrə 139 kq 13 0,911 qr, Dövlət Gömrük Komitəsi tərəfindən 109 fakt üzrə 109 kq 713,204 qr, Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən tədbirlər nəticəsində 12 fakt üzrə 59 kq 497 qr, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 54 fakt üzrə 174,219 qr narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Beləliklə, qeyd edilən tarixə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş şəxslərin sayı 4 min 985 nəfər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə təqsirləndirilən şəxslərin sayı 1077 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 2 min 540 nəfər olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri