DİN QHT rəhbərinin azyaşlı azərbaycanlı qızların xaricdə insan alverinin qurbanı olması barədə verdiyi məlumatlara münasibət bildirib
- 20.11.2013, 13:59,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi (DİN) “Qadın Krizis Mərkəzi”nin rəhbəri Mətanət Əzizovanın azyaşlı azərbaycanlı qızların xarici ölkələrdə insan alverinin qurbanı olması barədə mətbuatda verdiyi məlumatlara münasibət bildirib.
DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, Mətanət Əzizova bir sıra kütləvi informasiya vasitələrinə azyaşlı azərbaycanlı qızların Gürcüstanın turizm məkanlarında seks ticarətinin qurbanları arasında statistik rəqəmlərə görə birinci yerdə olması, bir neçə gün öncə qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən həmin otel və kazinolarda aparılmış reydlər zamanı xeyli sayda azyaşlının saxlanılması və bundan narahat olan yüzlərlə yüngül əxlaqlı azərbaycanlı qadınların tez-tələsik Türkiyə ərazisinə keçmələrinə dair müsahibə və açıqlamalar verib: “Bu məlumatlara aydınlıq gətirilməsi məqsədilə DİN qonşu ölkənin müvafiq qurumuna rəsmi sorğu ilə müraciət edib. Noyabrın 19-da Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentindən daxil olmuş rəsmi cavabda bildirilir ki, 2012-ci il yanvar ayının 1-dən bu günədək Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin qanunsuz miqrasiya və insan alverini nəzərdə tutan maddəsi üzrə Azərbaycan vətəndaşlarının iştirakı ilə heç bir cinayət faktı aşkar edilməyib”.
DİN belə həssas mövzulara müraciət edən bütün kütləvi informasiya vasitələrini və qeyri-hökumət təşkilatlarını diqqətli olmağa, səhihliyi şübhə doğuran yoxlanılmamış, qeyri-obyektiv informasiyaları səsləndirməməyə çağırıb.