Biləsuvar sərhəd-keçid məntəqəsində yük maşınlarının İrana keçidi ilə bağlı yaranmış növbə aradan qalxıb

Noyabrın 7-dən yük avtomobillərinin Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsindən İrana keçməsi ilə bağlı yaranan uzun növbə aradan qalxıb.

APA-nın xəbərinə görə, hazırda məntəqədə yük avtomobillərinin keçidi qrafikə uyğun həyata keçirilir.

Nəqliyyat vasitələrinin qoşqusunda 30 tondan yuxarı ərzaq, digər növ məhsullar, materiallar olan maşınların sürücüləri yüklərini İranın tətbiq etdiyi yeni qaydalara müvafiq azaldaraq, Naxçıvana keçirlər.

Naxçıvan Muxtar Respublikasına getməkdən ötrü növbə gözləyən yanacaq dolu yük maşınları isə Bakıya qayıdıb.

Həmin maşınların Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə sərhədlərini keçməklə yüklərini Muxtar Respublikaya apardıqları bildirilir.

Hazırda Azərbaycanın Biləsuvar gömrük-buraxılış məntəqəsinin qarşısındakı avtoparkda sakitlik hökm sürür.

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük idarəsinin rəis müavini Mirrafiq Mirsultanov APA-nın cənub bürosuna açıqlamasında avtomobillərin növbəsinin aradan qalxdığını təsdiqləyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri