Prezident İlham Əliyev kişi şahmatçılar arasında Avropa çempionatında birinci yeri qazanmış Azərbaycan seçmə komandasını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri noyabrın 20-də qəbul edib.

APA-nın məlumatına görə, qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik edən prezident bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını vurğulayıb. Dövlət başçısı qələbənin Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına dəlalət etdiyini bildirib.

Azərbaycanın ən mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan prezident İ. Əliyev kişilərdən ibarət seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsinə əsaslı töhfə olduğunu deyib. Dövlət başçısı növbəti şahmat olimpiadası kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi barədə qərarın da ölkəmizin bu sahədə qazandığı ardıcıl uğurların məntiqi nəticəsi olduğunu qeyd edib.

Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycanın şahmat üzrə seçmə komandasının son dörd Avropa çempionatında iki qızıl, bir gümüş və bir bürünc medal qazanmasını bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirib, bundan sonra da beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib.

Prezident İ. Əliyev bu nailiyyətdə payı olan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Şahmat Federasiyasının mütəxəssislərinin əməyini də xüsusi vurğulayıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov onlara göstərilən yüksək qayğıya görə şahmatçılar və mütəxəssislər adından minnətdarlığını bildirib. O, Azərbaycanın bütün bölgələrində şahmatın inkişafı üçün dövlət səviyyəsində kompleks işlərin aparıldığını söyləyib, şahmatçıların bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını vurğulayıb.
Şərhlər
İdman bölməsinin xəbərləri