Avropa Birliyi Ukraynanın assosiasiya üzrə qərarından məyus olduğunu bildirib
- 22.11.2013, 09:27,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Birliyi Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya haqqında sazişin bağlanmasına hazırlıq prosesinin dayandırılmasına dair qərarından məyus olduğunu bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton bəyan edib. “Biz düşünürük ki, bu qərardan tək Avropa Birliyi yox, Ukrayna xalqı da məyus olub”, deyə o bildirib.
“AB-nin öz hüdudlarından kənarda təklif etdiyi bu cür ambisiyalı sazişin imzalanması ilə Ukrayna gələcəkdə islahatlar kursunu möhkəmləndirəcəkdi və bütün dünyanın sərmayəçi və beynəlxalq maliyyə təsisatlarına özünün beynəlxalq bazarlarda necə etibarlı və ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirəcəkdi”, deyə Eşton bildirib.
Onun sözlərinə görə, saziş Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə yeni razılaşmanın əldə olunması ilə bağlı danışıqlarına təkan verəcəkdi və ölkəyə qoyulan xarici sərmayələrin həcmini artıracaqdı.
“Biz Ukraynanın gələcəyinin AB ilə sıx münasibətdə olacağına inanırıq və Ukrayna xalqı qarşısında üzərimizə götürdüyümüz və ona rifah gətirəcək öhdəliklərə sadiq qalırıq”, deyə Eşton bildirib.