İranın Azərbaycandakı səfiri: “Onsuz da yükü 30 tondan yuxarı olan avtomobillərə məhdudiyyət tətbiq edəcəkdik”

“Hazırda İranla Azərbaycan arasında sərhəd açıqdır və heç bir problem yoxdur. Yalnız Culfada yerləşən sərhəd-körpüdə məhdudiyyətlər var, bu da istifadə olunan körpünün köhnə olması ilə əlaqədardır. Məhdudiyyətin bu yaxınlarda baş verən hadisələrlə bağlılığı yoxdur. Sərhədlərin bağlanılması ilə bağlı məsələ ortaya çıxmasaydı belə, biz bu məhdudiyyətləri tətbiq edəcəkdik”.

Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Səfir bildirib ki, Culfa sərhədində iki körpü var, onlardan biri artıq köhnəlib: “Bu körpünün qorunması və Naxçıvan sakinlərin xeyri üçün biz 30 tondan ağır olan yük maşınların körpüdən keçməsini məhdudlaşdırdıq. Biz bu yük maşınların körpüdən keçməsini icazə versək, körpü tez bir zamanda zədələnəcək. Biz məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı əvvəlcədən Azərbaycan tərəfinə nota təqdim etmişdik”.

Culfa sərhəd-keçid məntəqəsində inşa olunan yeni körpü barədə danışan səfir deyib ki, körpü açılış üçün hazırdır, sadəcə iki tərəf arasında körpünün istifadəsi ilə bağlı razılaşma imzalanmalıdır: “Hazırda məsləhətləşmələr aparır, birgə sərhəd komissiyanın görüşü üçün tarixin müəyyən edilməsi ilə bağlı işlər görürük. Razılaşma imzalanana qədər məhdudiyyətlər qüvvədə qalacaq. İki ölkə arasında müvafiq sənəd qüvvəyə minəndən sonra yeni körpüdən istənilən ağırlıqda yük maşınları keçə bilər”.

Qeyd edək ki, noyabrın 8-də İranın Azərbaycandakı səfirliyi Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu addıma səbəb Azərbaycan sərhədçilərinin noyabrın 6-da Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasıdır.

İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

Bir neçə gündən sonra bağlanan sərhəd-keçid məntəqələrdə piyadalar üçün qoyulan məhdudiyyət aradan qaldırılsa da, avtomobillər sərhəddən buraxılmırdı.

Biləsuvar sərhəd-keçid məntəqəsi isə noyabrın 15-də açılıb. Bundan sonra isə Culfa sərhəd-keçid məntəqəsində çəkisi 30 tondan çox olan yük maşınların Naxçıvana daxil olunmasına məhdudiyyətlər qoyulub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri