Litva prezidentinin müşaviri: “Viktor Yanukoviç prezident Qribauskayte ilə telefon danışığında Rusiyanın təzyiqi və şantajından şikayətlənib”

Ukrayna Rusiyanın iqtisadi təzyiqi və şantajı nəticəsində Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina edib.

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, Litva prezidentinin müşaviri Yovita Nyalyupşene bildirib ki, bunu prezident Viktor Yanukoviç Litva prezidenti Dalya Qribauskayte ilə telefon danışığında deyib: “Ukrayna iqtisadi təzyiqlər və şantajların qarşısında dözə bilmədi. Ukraynanı hədələyiblər ki, onun mallarının, xüsusən də sənayenin əsas qisminin cəmləşdiyi və yüz minlərlə insanın çalışdığı Şərqi Ukrayna müəssisələrinin məhsullarının Rusiyaya ixracı məhdudlaşdırılacaq. Bunun nəticəsində Ukrayna milyardlarla itkiyə məruz qala bilər. Prezident Yanukoviç bizim prezidentlə telefon danışığında öz qərarının səbəblərini belə izah etdi”.

Müşavir Rusiyanı nəzərdə tutaraq bəyan edib ki, qeyri-sivil təzyiq metodları ilə müəyyən ittifaqlar yaradılır və belə ittifaqlar uzunömürlü ola bilməz.

Xatırladaq ki, Litva hazırda Avropa Birliyinə sədrlik edir.
Şərhlər
Dünya bölməsinin xəbərləri