Rusiya prezidentinin xüsusi nümayəndəsi: “Transxəzər qaz boru xətti Xəzərdə fəlakətə səbəb ola bilər”

“Xəzərdə qüvvələr nisbətinin pozulması bölgədə təhlükəsizliyin səviyyəsini azaldacaq”. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib. ABŞ-ın Xəzər regionunda maraqlarının olması barədə bəyanatlarına münasibət bildirən İ. Bratçikov qeyd edib ki, bölgədə hazırda müəyyən tarazlıq yaranıb: “Bu tarazlığın məqsədyönlü şəkildə laxladılması sabitliyin pozulmasına, münaqişə potensialının artmasına, təhlükəsizliyin səviyyəsinin azalmasına gətirib çıxaracaq, bunda isə əminəm ki, Xəzəryanı ölkələrdən heç biri maraqlı deyil”.

Xəzərin hüquq statusuna dair Konvensiya layihəsi üzərində işin gedişini qiymətləndirən İ. Bratçikov 17 ildir hazırlanan bu sənədin gələn il Həştərxanda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısında qəbul olunacağına şübhə ilə yanaşdığını söyləyib. Lakin o, sammitdə dənizin hansı prinsiplər əsasında idarə olunacağının müəyyənləşə biləcəyini vurğulayıb. Diplomat bildirib ki, Həştərxanda prezidentlər Xəzər akvatoriyasının delimitasiyası haqda qəti razılığa gələ bilər.

Rusiya prezidentinin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi olan İ. Bratçikov Tranzxəzər qaz boru xətti və onun Xəzərə mümkün təsirindən də danışıb. O bəyan edib ki, bu layihənin həyata keçirilməsi bütün regionun ekologiyasına təsir göstərəcək qəzalara səbəb ola bilər: “Var gücləri ilə Bakı ilə Türkmənbaşını qaz borusu ilə bir-birinə bağlamağa çalışan avropalı həmkarlarımızın bu saymazyana davranışına – hansı ki, bu da Xəzərdaxili məsələlərə müdaxilə deməkdir - bircə saniyə də olsa göz yumsaq belə, ekoloji faktorları diqqətə almamaq ağılsızlıq və ölümcül xəta olardı”.

İ. Bratçikovun sözlərinə görə, Tranzxəzər boru kəmərinin çəkiləcəyi potensial ərazidə mürəkkəb seysmoloji vəziyyət barədə təkcə rusiyalı yox, beynəlxalq ekspertlər də yazıb: “İstənilən qəzanın nəticələri Xəzərin çox həssas ekosistemi üçün fəlakət olardı”.

Diplomat deyib ki, fəlakət baş verərsə, onun nəticələrini qaz kəmərinin çəkilməsinə fəal lobbiçilik edən avropalılar yox, sahilyanı dövlətlər aradan qaldırmalı olacaq.
Şərhlər
Siyasət bölməsinin xəbərləri