Azərbaycanda məsciddə partlayış törətmək istəyən qrup zərərsizləşdirilib

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulmuşlar. Bu barədə Trend-ə MTN-in İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3 (terrorçuluq, yəni odlu silahdan, silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətməyə hazırlıq) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılmışdır. Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Məlum olduğu kimi, 2013-cü ilin oktyabr ayında İnternetdə "facebook" sosial şəbəkəsində "Enekin Skayvoker" adı ilə qeydiyyatdan keçmiş istifadəçi səhifəsində hazırda Qusar rayonunda olan "əmir Fərman Çətin"in "Şeyx Mirzahmad al-Qusari"dən "cihad" etmək barədə fətva aldığına dair bəyanat yerləşdirilmişdir. Bundan başqa, "Enekin Skayvoker" profilində əlində soyuq silah qismində olan bıçaq tutmuş Fərman Çətinin və Şeyx Mirzahmad Əl-Qusarinin birlikdə fotoşəkili də yayımlanmışdır.

Həyata keçirilmiş antiterror tədbirləri nəticəsində, özünü "Fərman Çətin" kimi qələmə verən şəxsin - Nəriman Mirzəyev, "Şeyx Mirzahmad Əl-Qusari"nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilmişdir.

Məlum olmuşdur ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə partlayışların törədilməsi barədə öz aralarında razılığa gəlmişlər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişlər. Onlar Bakı şəhəri, Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması ücün dini ibadətgah ətrafında müşahidələr aparmışlar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırmışdır.
Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra, öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev İnternetdə "facebook" sosial şəbəkəsində "cihada başlamaq", o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar etmişdir. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməmişlər.

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirlərilə Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov yaxalanmışlar. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş baxış nəticəsində Nəriman Mirzəyevin üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, yaşadığı mənzildən 1 ədəd "Kalaşnikov" avtomat silahı, həmin silah üçün 1 daraq, 14 patron, 3 "F-1" tipli əl qumbarası və onlara aid 3 alışdırıcı, Mirzəhməd Rüstəmovun üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd "Makarov MP 371" siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, onun mənzilindən 2 "F-1" tipli əl qumbarası və onlara aid 2 alışdırıcısı aşkar olunaraq götürülmüşdür.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir məqam xüsusi qeyd olunmalıdır. Azərbaycan tarix boyu fərqli millətlərə, dinlərə, təriqətlərə, məzhəblərə mənsub insanların dinc və mehribançılıq, qarşılıqlı hörmət şəraitində yaşadığı və dini-etnik zəmində indiyədək heç bir münaqişənin olmadığı nadir ölkələrdəndir. Bü gün müxtəlif siyasi, dini, etnik qarşıdurmalarla sürətlə qloballaşan dünya üçün Azərbaycan sabitlik, təhlükəsizlik və tolerantlıq nümunəsi kimi hər yerdə xüsusi qeyd olunur. Bu həm də ölkəmizdəki insan və vətəndaş hüquq və azadlıqlarına dərin hörmətin, vicdan azadlığının və mehriban birgəyaşayış mühitinin bariz sübutudur. Respublikada həyata keçirilən fəal hüquq mühafizə siyasəti nəticəsində bundan əvvəl də xüsusi hazırlıqlı ektermist və radikal dini təmayüllü silahlı birləşmələrin Azərbaycanda təxribat-pozuculuq fəaliyyətlərinin və terrorçuluq aksiyalarının qarşısı alınmışdır.

Hüquq mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağır cinayətlər və digər qanunazidd hərəkətləri törədən şəxslər zərərsizləşdirilərək ədalət mühakiməsinə verildilər. Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmovun da yaxalanaraq ifşa edilmələri miliyyətindən, cinsindən, dinindən, məzhəbindən və əqidəsindən asılı olmayaraq hər bir kəsin qanun qarşısında məsuliyyət daşıdığının daha bir göstəricisidir. Törədilən hüquqazidd əmələ görə cəzanın labüdlüyü prinsipi hamıya aiddir. Cəmiyyətə zidd əməllərin, Azərbaycanın milli təhlükəsizliyi əleyhinə cinayətkar qəsdlərin və təhdidlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri