Ukraynada azərbaycanlı tələbə ilə yerlilər arasındakı qarşıdurmanın təfərrüatları məlum olub

Ukraynada azərbaycanlı tələbə ilə yerlilər arasında ölümlə nəticələnən qarşıdurmanın təfərrüatları məlum olub. Odessa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Odessa Milli Rabitə Akademiyasının müəllimi Mətin Hacıyevin APA – ya verdiyi məlumata görə, hadisə bu şəhərdə baş verib və azərbaycanlı tələbə Yevlax şəhər sakini Məhəmməd Arzu oğlu Abdullayevdir.

M. Abdullayevin özünün də dərs dediyi Akademiyanın 2 – ci kurs tələbəsi olduğunu deyən M. Hacıyev hadisənin təfərrüatını danışıb: “Ümumiyyətlə M. Abdullayev də daxil olmaqla onlar mənim dərs dediyim qrupda 8 azərbaycanlıdırlar, amma cəmisi iki nəfər dərslərdə iştirak edir. Mən şəxsən onların müəllimi, bu Akademiyanın 30 illik əməkdaşı kimi çox narazıyam. Bu hadisə də noyabrın 18-i axşam saatlarında azərbaycanlı tələbələrin daha çox qaldığı yataqxananın qarşısında baş verib. M. Abdullayev iki - üç azərbaycanlı tələbə ilə hansısa əyləncə mərkəzində qayıdırmış. Yataqxananın qarşısında taksidən düşdükdən sonra üç nəfər yerli millətdən olan orta yaşlı sərxoş halda onlara nəsə deyib, bunlar da onlara cavab veriblər və nəticədə dava düşüb. Bu zaman M. Abdullayev haradansa əldə etdiyi bıçaqla onlardan birini bıçaqlayıb və bıçaq ürəyə işlədiyi üçün həmin yerli (ukraynalı) millətdən olanın biri yerindəcə ölüb”.

Həmin gecə şəhər milisi tərəfindən M. Abdullayevin saxlanıldığını deyən M. Hacıyev bildirib ki, artıq məhkəmə onun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib, istintaq gedir, qəsdən adam öldürmə maddəsi ilə M. Abdullayevə cinayət işi qaldırılıb: “Amma ən təhlükəlisi də odur ki, bu hadisə burada elə rezonans doğurdu ki, buna görə Akademiyada və şəhərdə ciddi narahatlıqlar yaşanır. Akademiya rəhbərliyi azərbaycanlılar da daxil olmaqla bütün xarici tələbələri yığıb dərs buraxdıqları, gecə yataqxanalara gec gəldikləri təqdirdə kütləvi qovulacaqları barədə rəsmi xəbərdarlıq etdi. Bundan başqa əsasən də azərbaycanlı tələbələrin qaldığı yataqxanaların ətrafı olmaqla şəhərin müxtəlif yerlərində yerli millətçi gənclər azərbaycanlılara hücum edir, tez – tez əlbəyaxa dava düşür. Yataqxananın ətrafında bizim millətdən olan tələbələrə hücumlar edirlər. Ona görə də hazırda burada gərgin anlar yaşanır”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri