“Jurnalistlərin dostu” mükafatı Azərbaycan prezidentinə təqdim edilib

Bu gün Azərbaycan prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi ilə bağlı mərasim keçirilib.

APA-nın xəbərinə görə, “RUH” Jurnalistləri Müdafiə Komitəsinin media nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycan Prezdenti İlham Əliyev “Jurnalistlərin dostu” seçilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında sorğunun keçirilmə prinsipləri barədə məlumat verib, ölkə başçısını “Jurnalistlərin dostu” nominasiyasında qalib olduğu üçün təbrik edib. O, Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışıb, bugünkü bəzi problemlərə toxunub.

Azərbaycan prezidenti İlham Əliyev çıxışında ölkədə görülən işlərdən, aparılan islahatlardan danışıb. Ölkə başçısı Azərbaycanda demokratik dəyərlərin, azad söz və medianın mövcud olduğunu qeyd edib. Prezident medianın siyasi qütbləşmədən və xarici dəstəkdən asılı olmaması üçün dövlətin addımlar atmağa hazır olduğunu da bildirib: “Azərbaycanda azad media var. Biz onun daha da inkişaf etməsində maraqlıyıq”.

Prezident Azərbaycan mediasının inkişafı üçün bundan sonra da dövlətin bundan sonra daim diqqət göstərəcəyini bildirib.

Mətbuatla bağlı çıxışlarda səsləndirilmiş problemlərə münasibət bildirən ölkə başçısı Azərbaycanda mediaya qarşı siyasi ayrı-seçkiliyin olmadığını deyib: “Mediaya qarşı heç bir ayrı-seçkilik yoxdur. Ola da bilməz. Qəzet satışı ilə bağlı da heç bir məhdudiyyət yoxdur. Azərbaycanda azad internet məkanı var, bütün ölkə boyu genişzolaqlı internet xətləri çəkilir, insanlar azad şəkildə internetdən istifadə edirlər. Belə olan halda qəzet satışının məhdudlaşdırılmasından söhbət gedə bilməz”.


Azrbaycan prezidenti medianın gənclərin vətənpərvər ruhda yetişməsində, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, ölkənin informasiya blokadasından çıxmasındakı xidmətlərindən də danışıb.

Ölkə başçısı bəzi hallarda Azərbaycana qarşı “qara piar” kampaniyası aparıldığını, medianın bu məsələyə həssas yanaşmasının vacibliyini də vurğulayıb.

Tədbirdə Mətbuat Şurasının üzvləri, media rəhbərləri, qocaman jurnalistlər iştirak ediblər. Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynov, millət vəkili Aqil Abbas, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, qocaman jurnalist Yusif Kərimov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışlarında Azərbaycan prezidentini təbrik edib, medianın inkişafı ilə bağlı fikirlərini söyləyiblər.
Qeyd edək ki, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirdiyi sorğuda iştirak edənlərin 89 faizi məhz Azərbaycan prezidenti İlham Əliyevi “Jurnalistlərin dostu” kimi qeyd edib.

Xatırladaq ki, prezident artıq ikinci dəfədir bu sorğunun qalibi olur.
Şərhlər
Siyasət bölməsinin xəbərləri