Yol polisi Bakının "Statistika dairəsi"ndəki hərəkət nizamsızlığı ilə bağlı xəbərdarlıq edir

Yol polisi Bakının "Statistika dairəsi"ndəki hərəkət nizamsızlığı ilə bağlı xəbərdarlıq edir Paytaxt Bakının mərkəzi ərazilərindən hesab edilən və əhali arasında "Statistika dairəsi" kimi tanınan yerdə günün pik saatlarında hərəkət intensivliyinin yüksəkliyini, eyni zamanda, qeyd edilən ərazi üzrə avtomobil axınının yol zolaqları üzrə sıx cərgələnməsinin bəzən ləngimələrə səbəb olmasını nəzərə alaraq, bu istiqamətdə əlavə tədbirlərin görülməsi zərurəti yaranıb.

Bu barədə Trend-ə sürücülər və avtomobil sahiblərinin sorğu və müraciətlərinə cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisi qeyd edib ki, "Mərkəzi Statistika dairəsi" mürəkkəb yol birləşməsidir və burada hərəkət işıqforla tənzimlənir. Lakin Bakı Şəhər Dövlət Yol Polisinin və Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə razılaşmasına əsasən, günün pik saatlarında hərəkətin işıqforun sarı işığı ilə tənzimlənməsi qərara alınıb. Bu isə həmin ərazidə hərəkət edən sürücülərdə işıqforun işləməməsi ucbatından sıxlığın meydana gəlməsi təəssüratını yaradır:

"Avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırırıq ki, belə olduğu halda həmin ərazidə nizamlanmayan yolayrıcında olduğu kimi hərəkət edilərək, burada quraşdırılmış yol nişanlarının tələblərinə uyğun hərəkət edilməlidir. Nişanlar olmadıqda isə dairəvi hərəkətdə olan avtomobil sürücülərinə və sağdan yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə yol verməklə hərəkət edilməlidir. Sürücülərdən xahiş edirik ki, diqqətli olsunlar. İşıqforun sarı işığının yanması heç də işıqforun işləməməsi anlamına gəlməməlidir. Bu, hərəkətin tənzimlənməsi və nəqliyyat axınında ləngimə hallarının qarşısının alınması üçün yol polisi və NİİM-in razılaşması əsasında təşkil edilir. Burada yuxarı qeyd etdiyimiz ardıcıllıq nəzərə alınmaqla hərəkət edilməldir".
Şərhlər
Sosial bölməsinin xəbərləri